Dosta göndər

İnternetin İnkişafı üzrə Koordinasiya Şurası

I. Ümumi müddəalar

1.1.

Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnaməsi”nin 10.46-cı və 10.50-ci maddələrinin və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının icrası ilə əlaqədar hazırlanmışdır və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (AR RYTN) yanında İnternetin inkişafı üzrə Koordinasiya Şurasının fəaliyyətini tənzimləyir.

 

1.2.

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnternetin inkişafı üzrə Koordinasiya Şurası (bundan sonra Koordinasiya Şurası) Azərbaycan Respublikasının ərazisində İnternetin inkişafı, domen adların qeydiyyatı, istifadəsi ilə bağlı və digər əlaqəli məsələlərin həlli üçün zəruri olan tədbirləri görür, bu sahədə fəaliyyət göstərən qurumlara elmi-metodiki köməklik göstərir və səlahiyyətlərinə aid olan digər vəzifələri həyata keçirir.

 

1.3.

Koordinasiya Şurası öz fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun, Beynəlxalq Telekommunikasiya İttifaqının, ICANN, IANA və bu sahədə fəaliyyət göstərən digər təşkilatların tövsiyələrini nəzərə almaqla həyata keçirir.

 

1.4.

Koordinasiya Şurası birbaşa Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinə tabedir və ona hesabat verir.

 

II. Koordinasiya Şurasının məqsədi

2.1.

Koordinasiya Şurasının başlıca məqsədi Azərbaycanda İnternetin inkişafına xidmət etməkdir. Koordinasiya Şurası bu sahədə əlaqədə olan subyektlər arasında yaranan münasibətlərin tənzimlənməsinə və tərəflərin maraqlarının gözlənilməsinə yardımçı olur, domen adların qeydiyyatı və istifadəsi ilə bağlı məsələlərin həllinə köməklik edir, aidiyyəti hüquqi bazanın təkmilləşdirilməsi və İnternetdən istifadənin kütləviliyinin təmin olunması üzrə təkliflər hazırlanmasını, İnternetdə informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizəyə dair elmi-metodik materiallar işlənilməsini, istifadəçilər arasında maarifləndirmə və zəruri olan digər fəaliyyəti həyata keçirir.

 

III. Koordinasiya Şurasının vəzifələri və funksiyaları

3.1.

Koordinasiya Şurası aşağıdakı vəzifələrə və funksiyalara malikdir:

 

3.1.1.

Azərbaycan Respublikasında İnternet infrastrukturunun inkişafı və domen adların qeydiyyatı ilə əlaqədar təkliflər hazırlamaq, inkişaf proseslərini monitorinq, təhlil və təşviq etmək;

 

3.1.2.

Ölkənin ümumi inkişaf siyasətinə və beynəlxalq tendensiyalara uyğun yeni İnternet texnologiyaların tətbiqi imkanları müəyyənləşdirmək;

 

3.1.3.

Sahəyə aid olan subyektlərin fəaliyyətinin əlaqələndirilməsinə kömək etmək;

 

3.1.4.

Azərbaycan Respublikasının müvafiq qanunvericilik bazasının təkmilləş­diril­məsinə dair təkliflər hazırlamaq;

 

3.1.5.

Mütəmadi olaraq dünya təcrübəsini öyrənmək və onun Azərbaycan Respublikasında tətbiqi üzrə tövsiyələr vermək;

 

3.1.6.

Sahə üzrə strateji inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

 

3.1.7.

İnternetdən istifadənin kütləviliyinin təmin olunmasına yardımçı olmaq və müvafiq təkliflər hazırlamaq;

 

3.1.8.

Sahə üzrə rəqabət şəraitinin təmin olunmasında yardımçı olmaq;

 

3.1.9.

İnternet infrastrukturunun inkişafı və domen adların qeydiyyatı ilə əlaqədar beynəlxalq əlaqələrin inkişafı üzrə tədbirlər görmək;

 

3.1.10.

Sahə üzrə maarifləndirmə işlərini həyata keçirmək, İnternet forumlar və digər tədbirlər təşkil etmək;

 

3.1.11.

Qlobal İnternet şəbəkəsində mövcud olan informasiya resurslarında yerləşdirilmiş və Azərbaycan Res­pub­likasının dövləti, tarixi, coğrafi, mə­nə­vi və milli dəyərlərinə, konstitusiyasına, qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq sənədlərə zidd olan kontentlərin müzakirəsini aparmaq. {RİTN-nin 10 saylı 13.10.2008-ci il tarixli kollegiya qərarı ilə deyışdirilib}

 

3.1.12.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnaməsinin 10.46-cı və 10.50-ci bəndlərinin icrası ilə əlaqədar olan digər vəzifələri yerinə yetirmək;

 

IV. Koordinasiya Şurasının hüquqları

4.1.

Koordinasiya Şurası məqsəd, vəzifə və funksiyalarının icrası ilə əlaqədar aşağıdakı hüquqlara malikdir:

 

4.1.1.

Müvafiq təşkilatları və şəxsləri öz fəaliyyətinə və informasiya cəmiyyəti üçün əhəmiyyət kəsb edən məsələlərin həllinə cəlb etmək;

 

4.1.2.

Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və hüquqi şəxslərdən, dövlət orqanlarından, onların vəzifəli şəxslərindən məlumatlar, sənədlər və digər materiallara dair sorğu vermək;

 

4.1.3.

Vəzifələrinin icrası məqsədi ilə elmi-texniki və digər qruplar yaratmaq;

 

4.1.4.

Səlahiyyətləri çərçivəsində qərarlar qəbul etmək;

 

4.1.5.

Səlahiyyətləri çərçivəsində digər tədbirləri həyata keçirmək.

 

V. Koordinasiya Şurasının işinin təşkili

5.1.

Koordinasiya Şurasının Əsasnaməsi, 9 üzvdən ibarət olan tərkib, bu tərkibdən sədr və katib onu yaradan orqanın qərarı ilə təsdiq edilir. Koordinasiya Şurasının tərkibində dəyişikliklər Koordinasiya Şurası Sədrinin təqdimatı əsasında onu yaradan orqanın qərarı ilə həyata keçirilir. Koordinasiya Şurasının üzvlüyünə namizədlər əlaqədar qurumlar tərəfindən rəsmi qaydada təqdim olunur və ictimai əsaslarla fəaliyyət göstərirlər.

 

5.2.

Koordinasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri əsasında qurur.

 

5.3.

Koordinasiya Şurasının sədri:

 

5.3.1.

Koordinasiya Şurasının işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

 

5.3.2.

Koordinasiya Şurasını təmsil edir;

 

5.3.3.

Koordinasiya Şurasının iclaslarının gündəliyini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;

 

5.3.4.

Koordinasiya Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Koordinasiya Şurasının iclaslarına çıxarır və ona həvalə edilmiş digər hüquqlardan istifadə edir.

 

5.4.

Koordinasiya Şurasının katibi

 

5.4.1.

Koordinasiya Şurasının iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, iclasların gündəliyinin, müzakirəyə çıxarılacaq məsələlər üzrə zəruri sənədlərin, proqramların layihələrini hazırlayır və Koordinasiya Şurasının üzvlərinə təqdim edir, bu məsələlərə dair Koordinasiya Şurası üzvlərindən daxil olan rəyləri toplayır, təhlil edir və ümumiləşdirir;

 

5.4.2.

Zəruri hallarda Koordinasiya Şurasının iclaslarına dəvət olunan aidiyyəti təşkilatların nümayəndələrinin və digər şəxslərin iştirakını təmin edir;

 

5.4.3.

Koordinasiya Şurasının kargüzarlıq işlərini, onun iclaslarının protokollarını aparır və iclasın yekun sənədlərinin layihələrini Koordinasiya Şurasının sədrinə təqdim edir;

 

5.4.4.

öz səlahiyyətləri daxilində Koordinasiya Şurasının qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür.

 

5.5.

Koordinasiya Şurasının üzvlərinin hüquqları Koordinasiya Şurasının üzvləri aşağıdakı hüquqlara malikdir:

 

5.5.1.

Koordinasiya Şurasının iclaslarında və baxılan məsələlərin müzakirələrində iştirak etmək, iclasın aparılmasına, qəbul ediləcək qərarlara dair fikir bildirmək;

 

5.5.2.

Koordinasiya Şurasının səlahiyyətlərinə aid olan və ona həvalə edilmiş məsələlərin həllində iştirak etmək;

 

5.5.3.

Koordinasiya Şurasının iclasına təqdim edilmiş materiallarla əvvəlcədən tanış olmaq;

 

5.5.4.

Koordinasiya Şurasının səlahiyyətlərinə aid məsələlərə Koordinasiya Şurasının iclasında baxılması üçün təkliflər vermək;

 

5.5.4.

Koordinasiya Şurasının səlahiyyətlərinə aid məsələlərə Koordinasiya Şurasının iclasında baxılması üçün təkliflər vermək;

 

5.5.5.

Koordinasiya Şurasının qərarları, protokolları və digər sənədləri ilə tanış olmaq;

 

5.5.6.

Bu Əsasnamənin 5.6.5-ci maddəsində göstərilən əsaslar olduqda və bu barədə Koordinasiya Şurasını məlumatlandırmayan üzvünə yazılı və ya şifahi formada əsaslandırılmış etiraz etmək;

 

5.5.7.

Qəbul olunmuş digər sənədlərlə ona verilən başqa hüquqlardan istifadə etmək.

 

5.5.4.

5.6. Koordinasiya Şurasının üzvlərinin vəzifələri
Koordinasiya Şurasının üzvləri aşağıdakı vəzifələrə malikdir:

 

5.6.1.

Koordinasiya Şurasının iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;

 

5.6.2.

Koordinasiya Şurasının iclaslarını üzrsüz səbəbdən buraxmamaq;

 

5.6.3.

Koordinasiya Şurası üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;

 

5.6.4.

Koordinasiya Şurasında baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləməmək;

 

5.6.5.

Baxılan məsələlər üzrə şəxsi və ya işgüzar maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, Koordinasiya Şurasını məlumatlan­dırmaq və qərarların qəbul edilməsində iştirak etməmək.

 

5.7.

Koordinasiya Şurasının üzvlərinin etik davranışı
Koordinasiya Şurasında fəaliyyəti çərçivəsində üzvlər aşağıdakılara riayət etməlidirlər:

 

5.7.1.

Azərbaycan Respublikasının Qanunvericiliyinə, bu Əsasnaməyə, Koordinasiya Şurasının daxili sənədləri ilə müəyyənləşdirilmiş qaydalara və Koordinasiya Şurasının öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərar və sərəncamlara əməl etmək;

 

5.7.2.

Koordinasiya Şurasının fəaliyyətinə aid məsələlərdə məxfiliyi gözləmək (aşkarlanması məhdudlaşdırılan məsələlər Koordinasiya Şurasının sədri tərəfindən müəyyən edilir);

 

5.7.3.

Koordinasiya Şurasına və digər iştirakçılara münasibətdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və Koordinasiya Şurasının fəaliyyətinin həyata keçirməsində iştirak etmək.

 

5.8.

Koordinasiya Şurasının iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Koordinasiya Şurasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Koordinasiya Şurasının iclası və iclasda qəbul edilmiş qərarlar Koordinasiya Şurası sədrinin və katibinin imzaladığı protokolla rəsmiləşdirilir. Etirazlar və iradlar yazılı surətdə təqdim edilir və protokola əlavə olunur.

 

5.9.

Koordinasiya Şurası öz fəaliyyətində müstəqildir və vəzifələrini yerinə yetirərkən dövlət və yerli özünüidarə orqanları, yerli, xarici və beynəlxalq qeyri-hökumət təşkilatları ilə tərəfdaşlıq əsasında qarşılıqlı fəaliyyət göstərir. Koordinasiya Şurasının iclaslarında və onun cari işində aidiyyəti üzrə nazirliklərin və dövlət komitələrinin, müəssisə, idarə və təşkilatların mütəxəssisləri müvafiq qaydada iştirak edə bilərlər.

 

5.10.

Koordinasiya Şurasının Sədri üzrlü səbəbdən iclasda iştirak edə bilmədikdə iclası üzvlər tərəfindən seçilən Koordinasiya Şurasının üzvü aparır.

 

5.11.

Koordinasiya Şurası haqqında məlumatlar, o cümlədən qəbul edilmiş qərarlar onun rəsmi İnternet saytında yerləşdirilir.

 

Sədr  

Elmir Tofiq oğlu Vəlizadə 

Rabitə və yüksək texnologiyalar nazirinin müavini

 

 

Üzvlər

Rasim Məhəmməd oğlu Əliquliyev

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru

İsmayıl Cəlal oğlu Sadıqov

Təhsil Nazirliyinin Təhsilin idarə edilməsinin məlumat sistemləri şöbəsinin müdiri

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru

Qalib İslam oğlu Qurbanov

Azərbaycan İnternet Cəmiyyətinin sədri

Faiq Azər oğlu Fərmanov

Elektron Təhlükəsizlik Mərkəzinin  direktoru

 

“Delta Telekom LTD” MMM-in texniki direktoru

2012-ci il üzrə:

  • 2012-ci il Şuranın 12 aprel tarixində geniş tərkibli (internet provayderlərin rəhbər nümayəndələrinin iştirakı ilə) iclası keçirilmiş və “Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı internet xidmətlərinin təşkil olunması, noyabr ayında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumunun (İGF) 7-ci iclasının təşkili, İnternet şəbəkəsində Adların və Nömrələrin Bölüşdürülməsi üzrə Korporasiyanın (ICANN) son toplantısında müzakirə olunmuş məsələlər, “Azərbaycan Respublikasında Ölkə Kodlu Yüksək Səviyyəli Domen Adlarının Qeydiyyatı və İstifadəsi Qaydaları” layihəsi və digər məsələlər barədə müzakirələr aparılmışdır. Müzakirələrin nəticəsi olaraq müvafiq qərarlar qəbul edilmişdir. 
  • Şuranın 16 avqust tarixində geniş tərkibli (internet provayderlərin rəhbər nümayəndələrinin iştirakı ilə) növbəti toplantısı keçirilmiş və Genişzolaqlı xidmətlərin inkişafı layihəsinin müzakirəsi aparılmışdır. Müzakirənin nəticəsi olaraq müvafiq qərarlar qəbul edilmişdir.