Dosta göndər

Materiallar

 

 Rabitə və yüksək texnologiyalar sahəsi üzrə 2015-ci ilin yekununa dair

 

Ölkəmizdə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı, əhalinin rabitə xidmətlərinə çıxışının təmin edilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, kosmik sənayenin, innovativ sahibkarlığın inkişafı və digər istiqamətlərdə fəaliyyət əsas prioritetlərdəndir. Sahənin inkişafına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.

 

 

2015-ci ildə də Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn özündə konkret tapşırıq və vəzifələri ehtiva edən tədbirlərin effektivliyini artırmaq məqsədilə işlər davam etdirilmişdir.

 

 

İl ərzində Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 - 2020-ci illər üçün Milli Strategiya”da, eləcə də, qəbul olunmuş dövlət proqramlarında rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində  nəzərdə tutulmuş tədbirlərin icrası üzrə müvafiq işlər görülmüşdür.

 

 

Hesabat dövründə sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.3%  artaraq 1735.3 milyon manat olmuş (real artım tempi İKT sektorunda 5.8%, İT sektorunda 14.1%, poçt sektorunda 11.5%, informasiya sektorunda isə 15.8%) sektorun ÜDM-də payı 1.1%, qeyri-neft sektorunda isə 3.0% təşkil etmişdir.

 

 

İnfrastrukturun modernləşdirilməsi və  yeni texnologiyaların tətbiqi üzrə həyata keçirilən investisiya layihələri çərçivəsində 2015-ci il ərzində telekommunikasiya sahəsində 124  yeni elektron tipli ATS və 65,0 mindən çox nömrə istismara verilmiş, 13 ATS rekonstruksiya olunmuş, 38 ATS-də genişləndirmə işləri aparılmış, 575.5 km fiber-optik kabel çəkilmiş, sabit telefon şəbəkəsi üzrə genişzolaqlı internet portlarının tutumu 115 444 ədəd artırılmışdır. İlin əvvəli ilə müqayisədə beynəlxalq internet kanallarının tutumu 500 Gb/s-yə çatdırılmışdır.

 

 

Respublikanın regionlarında rayon  mərkəzləri,  şəhərlər  və  qəsəbələrlə  yanaşı, ucqar kənd  yaşayış  məntəqələrində də əhalinin genişzolaqlı  internet  xidmətlərindən istifadəsi  məqsədilə  “Multimedia  xidmətlərinin  inkişafı”  layihəsinin icrasına başlanılmışdır.

 

 

Bakı şəhər telefon şəbəkəsinə aid telefon nömrələrindən regionlarda yaşayan əhalinin istifadə etməsinə imkan verən “Daşınan telefon xidməti”, habelə ölkədə fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarının abunəçilərinin telefonlarını həm respublika daxilində, həm də xarici ölkəyə daşımasına imkan verən “Aztelefon” xidməti istismara verilmişdir.

 

 

İlin sonuna respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının sayı 16  ədəd, (100 ailəyə düşən 67) hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112 ədəd, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 77 nəfər, genişzolaqlı internet istifadəçilərinin sayı 72 nəfər, kompüter istifadəçilərinin sayı isə 69.9 nəfər təşkil edir.

 

 

Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə ölkə üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilmişdir. Azərbaycandan dünya ölkələrinə çıxış terminal trafikinə görə hesablaşma qiymətlərinin tənzimlənməsi, ölkəyə giriş telefon trafikinin azalma səbəblərinin araşdırılması və qarşısının alınması istiqamətində zəruri tədbirlər görülmüşdür.

 

 

         2015-ci il ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi əvvəlki illə müqayisədə 144.8 milyon dəqiqə azalaraq 254.9 milyon dəqiqə, çıxış trafikinin həcmi isə 36.3 milyon dəqiqə azalaraq  91.3 milyon dəqiqə təşkil etmişdir. Dünyada mövcud olan tendensiyaya uyğun olaraq, səs xidmətlərində baş verən azalmanın müqabilində internet (data) xidmətləri üzrə gəlirlərin həcminin artırılması məqsədilə ölkədə müasir rabitə infrastrukturunun və internet şəbəkəsinin genişləndirilməsi, əhaliyə rabitə xidmətlərinin təhlükəsiz və keyfiyyətli çatdırılması, internet xidmətləri göstərilməsi sahəsində internet provayderləri üçün bərabər şəraitin və sağlam rəqabət mühitinin yaradılması istiqamətində kompleks tədbirlərin görülməsi bu sahədə qarşıda duran əsas vəzifələrdəndir. Beynəlxalq giriş-çıxış trafikinin azalmasının başlıca səbəbi ölkədə genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi ilə əlaqədar əhalinin sosial (Skype, WhatsApp, Line, Viber və s.) şəbəkələr üzərindən beynəlxalq danışıqlardan daha çox istifadə etməsidir.

 

 

Son illərdə Azərbaycanın beynəlxalq giriş trafikinin həcminin kəskin azalması ilə əlaqədar müvafiq dövlət orqanları ilə birgə aparılmış araşdırmalar nəticəsində qeyri-qanuni fəaliyyət göstərən istifadəçilər tərəfindən çoxsaylı mobil telefon nömrəsindən istifadə etməklə respublikanın müxtəlif ərazilərində quraşdırılmış “SimBox” avadanlıqları vasitəsilə dolayı yollarla internet üzərindən “mobil-mobil” arabağlantısı yaradılaraq respublikanın mobil şəbəkələrinə terminasiya edilən beynəlxalq giriş səs trafikinin təşkil olunması müəyyən edilmiş və il  ərzində mobil operatorların şəbəkələrində 26 981 ədəd “SİMBox” nömrə bağlanmışdır.

 

 

Ölkədə çoxsaylı informasiya resurslarının və xidmətlərinin yaradılması, onlardan istifadənin artması və daxili informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasının genişlənməsi ilə əlaqədar olaraq Azərbaycanda da “TİER III” (99,99% etibarlılıq) texniki tələblərinə uyğun “Data Mərkəzi”nin qurulması və ABŞ-ın “UpTime İnstitute” təşkilatı tərəfindən sertifikatlaşdırılması təmin edilmişdir.

Hazırda ölkədə beynəlxalq giriş-çıxış telefon trafikinin xarici ölkələrlə mübadiləsi əsasən  mənəvi cəhətdən köhnə hesab oluna bilən S-12 tipli stansiya üzərindən təşkil olunması və bu stansiyanın kanal tutumunun məhdud olması, şəbəkədaxili və coğrafi rezervlənməsinin təmin olunmaması, istismar müddətini başa vurması və sair səbəblər üzündən yeni İP əsaslı Beynəlxalq Kommutasiya Sisteminin yaradılmasına başlanılmışdır.

 

 

Hesabat dövründə Azərbaycanın ilk peyki olan “Azerspace-1”-in tutumunun satışı üzrə marketinq işləri davam etdirilmiş və hazırda milli peykimiz üzərindən yerli və beynəlxalq səviyyəli 31 televiziya və 12 radio kanalı olmaqla ümumilikdə 43 kanal yayımlanır. 2015-ci il ərzində daha bir neçə regional TV kanalın (Günəş TV, Alternativ TV, Turkel TV, Region TV) “Azerspace-1” peykindən yayımı təşkil edilmiş, eyni zamanda bir neçə Gürcüstan və Türkiyə TV kanallarının yayımı üzrə yeni müqavilələr imzalanmışdır. Həmçinin, “Azerspace-1” peyki I Avropa Oyunlarının dünyaya televiziya yayımını təmin edən 4 telekommunikasiya peykindən biri olmuşdur.

 

 

Kosmik xidmətlər bazarında ölkənin rəqabətədavamlı və əlverişli mövqe tutması, eyni zamanda, peyk xidmətlərinin davamlılığının və etibarlılığının təmin edilməsi, “Azerspace-1” peykinin yayımının əhatə dairəsinin, xidmət çeşidinin və satışların həcminin artırılması məqsədilə Azərbaycanın ikinci telekommunikasiya peyki –“Azerspace-2”-nin 2017-ci ildə orbitə çıxarılması planlaşdırılır. Bu məqsədlə 2015-ci ilin 20 oktyabr tarixində Kanadanın “MDA” korporasiyasına məxsus olan və  qərargahı ABŞ-ın Kaliforniya ştatında yerləşən “Space Systems Loral” peyk istehsalçısı şirkəti ilə peyk istehsalı üzrə 116.8 milyon ABŞ dolları dəyərində müqavilə bağlanmış və şirkət tərəfindən artıq qrafik üzrə işlərə başlanılmışdır. Peyki orbitə çıxaracaq raketdaşıyıcının seçilməsi üzrə tenderin nəticələrinə əsasən Fransanın “Arianespace” şirkəti ilə müqavilə danışıqları yekunlaşmış və 2015-ci ilin 02 dekabr tarixində “BakuTel-2015” 21-ci beynəlxalq telekommunikasiya sərgi və konfransı çərçivəsində 63 milyon ABŞ dolları dəyərində müqavilə imzalanmışdır.

 

 

Eyni zamanda, “Azərspace-2” peykinin resurslarının 45,9%-nin uzunmüddətli icarəsi ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə müqavilə bağlanmışdır.

 

 

Azərbaycan Respublikasına məxsus  Yerin səthinin məsafədən müşahidəsi üzrə “Azersky” peykinin imkanlarından həm ölkədaxili, həm də xarici ölkələr üçün istifadəsi üzrə müvafiq tədbirlər görülmüşdür. Həmçinin çox yüksək ayırdetməli aşağıorbitli optik peykin orbitə çıxarılması istiqamətində işlər 2015-ci il ərzində də davam etdirilmişdir.

 

Hesabat dövründə respublika və regional TV-radio proqramlarının yayım əhatəsinin, eləcə də, keyfiyyətinin artırılması məqsədilə 24-ü rəqəmli verici olmaqla 34 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilmiş, habelə ölkə əhalisinin yaşadığı ərazi­lərin 99%-i açıq paketlə (10-11 TV proqram)  rəqəmli televiziya yayımının əhatəsinə daxil edilmişdir. Cənub bölgəsində rəqəmli kommersiya yayımının tətbiq edilməsi üçün Lənkəran Radio-Televiziya Yayım Stansiyasında zəruri texniki avadanlıqlar quraşdırılmaqla 10 açıq və 80 (türk, rus, ingilis və s. dillərdə) bağlı proqramın yayımı təmin edilmişdir.

 

 

Respublika ərazisində yayımlanan TV və FM kanalların yayım vəziyyətinin yoxlanılması, ölkənin efir məkanına qonşu ölkələrdən qanunsuz müdaxilə hallarının qarşısının alınması, tezlik spektrinin radiomonitorinqinin aparılması və qeydiyyatsız istifadə edilən radioelektron vasitələrin aşkarlanması üzrə müvafiq texniki tədbirlər görülmüşdür.           

 

Sərhədyanı ərazilərdə mobil rabitə siqnallarının tənzimlənməsi məqsədilə qonşu ölkələrlə aparılmış müzakirələr nəticəsində tezlik kanalları razılaşdırılmışdır.

 

 

İl ərzində 75 hüquqi və fiziki şəxsə  tezlik ayrılmış və 8888 ədəd yeni radioelektron verici qeydiyyata alınmaqla ümumi sayı 49 640-a çatdırılmışdır.

 

 

Rəqəmli yayıma tam keçid məqsədilə rəqəmli yayım tariflərinin hazırlanması təmin edilmiş və  Nazirlər Kabinetinin 11 may 2016-cı il tarixli müvafiq qərarları ilə təsdiq edilmişdir. 

 

 

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə istiqamətlənmiş, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Bu siyasətin tərkib hissəsi kimi, Azərbaycanda rabitə və yüksək texnologiyaları sahəsində, o cümlədən poçt sektorunda dinamik inkişafa nail olunmuşdur.

 

 

2015-ci il ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Əhalinin poçt xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə 1 poçt şöbəsi (PŞ) və 3 poçt agentliyi açılaraq əhalinin istifadəsinə verilmiş, 20 ədəd PŞ binası  tikilmiş, 10 ədəd inzibati və 11 ədəd PŞ binası təmir olunmuşdur.

 

 

Hesabat ilində sadə və sifarişli məktub korrespondensiyalarının sayı 12.2%, daxil olan beynəlxalq kiçik paketlərin sayı 15.9%, pulköçürmələrinin sayı 42% artmışdır. Hazırda MMC 15 ədəd ATM və 127 ədəd POS-terminal vasitəsilə ekvayer fəaliyyətini həyata keçirir və bunlardan 10-u hesabat dövründə quraşdırılmışdır.

 

 

“Azərpoct” MMC-nin tabeçiliyində olan poçt filiallarının lisenziyalı PŞ-ləri “Contact”, “Caspian Money Transfer”, “Zolotaya Korona” beynəlxalq pulköçürmələri sisteminə qoşulmuş və əhalinin istifadəsinə verilmişdir.

 

 

Maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün Mərkəzi Bankdan icazələrin alınması işi davam etdirilmiş və “Azərpoct” MMC üzrə alınmış icazələrin ümumi sayı 1167 ədəd olmuşdur.

 

 

Dövr ərzində ödəniş kartının istifadəsi üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və həyata keçirilən əməliyyatlar haqqında operativ formada məlumatın əldə edilməsi məqsədilə “Mobil bankçılıq” xidməti MMC-nin kart sahiblərinin istifadəsinə verilmişdir.

 

 

“Maliyyə xidmətlərinin inkişafı layihəsi” çərçivəsində tamamilə yenidən qurulan Şirvan poçt filialının Müştəri Xidmətləri Mərkəzi istifadəyə verilmişdir.

 

 

Hesabat dövründə “Azərmarka” MMC tərəfindən 19 mövzuda 44 növ poçt markası, 6 növ poçt zərfi, 4 növ açıqca və 1 növ poçt kartı hazırlanaraq dövriyyəyə buraxılmışdır.

 

 

Tənzimləmə fəaliyyəti sahəsində sürətli poçt xidmətləri üzrə 3 yeni xüsusi razılıq (lisenziya) verilmiş, həmçinin sürətli poçt xidmətlərinə verilmiş 4 ədəd, ölkədaxili telekommunikasiya kanallarının təşkili rabitə xidmətlərinə verilmiş 2 ədəd və məlumatların ötürülməsi (data) rabitə xidmətlərinə verilmiş 1 ədəd xüsusi razılığın (lisenziyanın) müddəti uzadılmışdır.

 

 

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının  sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19.10.2015-ci il tarixli 650 nömrəli Fərmanının icrası ilə əlaqədar  təkliflər hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

 

 

Hesabat dövründə dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 4 dövlət informasiya ehtiyatı və 16 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınmışdır və nəticədə qeydiyyata alınmış informasiya ehtiyatlarının sayı 82-yə, informasiya sistemlərinin sayı isə 169-a çatmışdır.

 

Telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi, o cümlədən arabağlantı münasibətlərində yaranan mübahisələrin “Telekommunikasiya haqqında” Qanuna, nazirlik tərəfindən hazırlanmış arabağlantı şərtlərinə, həmçinin arabağlantı müqavilələrinə uyğun həll edilməsi üçün tədbirlər davam etdirilmişdir.

 

 

Respublikamızda tətbiq edilən mobil nömrə daşınması xidməti üzrə 2015-ci il ərzində 16921 ədəd mobil nömrə daşınmışdır. Daşınmanın effektivliyinin daha da artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir. Hesabat dövründə Mobil cihazların qeydiyyat sisteminin fəaliyyəti davam etdirilmiş və il ərzində 739125 telefon cihazının IMEI kodları bu sistem vasitəsi ilə qeydiyyata alınmışdır.

 

Hesabat dövründə müxtəliftipli avadanlıqların mülki dövriyyəsinə 358 ədəd xüsusi icazə, müxtəliftipli telekommuni­kasiya vasitələri və qurğularına isə 976 ədəd “Uyğunluq sertifikatı” verilmişdir.

 

 

Hesabat dövründə informasiya cəmiyyətinin inkişafı, e-hökumət həllərinin tətbiqinin genişləndirilməsi, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, “Elektron hökumət” portalına 434  e-xidmət inteqrasiya olunmuş və 85 qurum qoşulmuşdur ki, bundan 42-si dövlət, 43-ü isə qeyri-dövlət təşkilatlarıdır. Bundan başqa Hökumət Ödəniş Portalının portala inteqrasiya edilməsi ilə 20 qurum tərəfindən 375 təsnifatda ödənişlərin bir pəncərədən onlayn şəkildə ödənilməsi imkanı yaradılmışdır.

2015-ci ilin yekununda “Elektron hökumət” portalına daxil olan istifadəçilərin sayı 932275 min nəfər olmuş və bu istifadəçilər 18047559 milyon dəfə elektron xidmətlərə müraciət etmişdir.

 

 

Hesabat dövründə “Elektron hökumət” portalı vasitəsilə e-arayışların verilməsinə başlanılmış və vətəndaşların 11 növ arayışı elektron formada əldə etmələrinə imkan yaradılmışdır. Ötən dövr ərzində 234895 min istifadəçi tərəfindən 505608 min dəfə e-arayış əldə edilmişdir.

 

 

2015-ci ilin yekunlarına əsasən, ümumilikdə verilən e-imza sertifikatlarının sayı 77232-yə çatdırılmışdır.

 

 

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2015-ci il tarixli 503 nömrəli Fərmanına əsasən, hesabat dövründə yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılmışdır. “Elektron hökumət” portalı vasitəsilə yerli icra hakimiyyəti orqanlarının elektron xidmətlərinin təşkili işləri  davam etdirilir. İlk olaraq Biləsuvar rayon İcra Hakimiyyəti portala inteqrasiya olunmuşdur.

 

 

“Android” əməliyyat sistemi olan mobil planşet və smartfonlar üçün elektron imzalayıcı proqram təminatı hazırlanmışdır və “Elektron hökumət” portalında sınaqdan keçirilmişdir.

 

 

Hesabat ilinin əvvəlində Açıq Hökumət Məlumatları Portalının  təqdimat mərasimi keçirilmiş və “E-Gov 3.0” mərhələsinə start verilmişdir. Hazırda portalda Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Azərsu” ASC-yə məxsus 25 adda açıq hökumət məlumatları yerləşdirilmişdir.

 

 

Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında imzalanmış Qrant razılaşmasına əsasən, Azərbaycanda “Elektron hökumət” üçün Təlim-Tədris Mərkəzi yaradılmışdır. 6 fevral 2015-ci il tarixində Mərkəzin açılışı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 389 nömrəli qərarı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması qərara alınmışdır.

 

Vətəndaşları “e-hökumət” xidmətləri barədə ətraflı məlumatlandırmaq və onların       “e-hökumət” quruculuğunda aktiv iştirakının təmin edilməsi məqsədilə hesabat ili ərzində hər ay Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Elektron hökumət” bülletenləri dərc olunmuş, eyni zamanda "E-hökumət" üzrə videotəlimatlar, 316 istifadəçi təlimatı, 260 e-xidmət üzrə inzibati reqlamentlər hazırlanaraq “E-hökumət” portalında yerləşdirilmişdir.

 

 

Elektron Təhlükəsizlik -  Elektron Təhlükəsizlik Mərkəzi (ETM) tərəfindən ölkə səviyyəsində elektron təhlükələr barədə müxtəlif vasitələrlə məlumatlandırma və maarifləndirmə işləri aparılmış, informasiya təhlükəsizliyi sahəsində bir sıra qurumlarla əməkdaşlıq əlaqələri qurulmuş və genişləndirilmişdir. Həmçinin, ETM tərəfindən ilk Avropa Oyunlarına sponsorluq edən təşkilatların internet informasiya ehtiyatlarının təhlükəsizlik auditi keçirilmiş, mövcud kibertəhlükəsizlik zəiflikləri aşkar olunmuş, bu barədə veb saytların inzibatçıları və rəhbərliyinə məlumat verilmiş və boşluqların aradan qaldırılması istiqamətində tədbirlər görülmüşdür.

 

 

ETM  2015-ci ilin yanvar ayında Avropa CERT cəmiyyəti tərəfindən təsis olunmuş “Trusted İntroducer” təşkilatının akkreditə olunmuş üzvlüyünə, mart ayında isə “FİRST” beynəlxalq təşkilatının tamhüquqlu üzvlüyünə qəbul edilmişdir.

 

 

 “Yüksək Texnologiyalar Parkı”nın tikintisi məqsədilə ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlanma işləri, habelə Parkın infrastrukturunun qurulması üçün layihələndirmə işləri memarlıq şirkəti ilə birlikdə təsdiq edilmiş qrafikə uyğun həyata keçirilməkdədir. Ərazinin Baş Planı tam işlənib hazırlanmış və təsdiq edilmişdir. Birinci faza üzrə tikiləcək binaların eskiz layihələri hazırlanaraq təsdiq edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və  Şəhərsalma Baş İdarəsinə təqdim edilmişdir. İlkin təsərrüfat binasının müvafiq layihə əsasında tikintisi başa çatdırılmışdır. Ayrılmış ərazidə ofis-istehsal sahələrinin tikintisi  məqsədilə müvafiq layihələndirmə, layihə-smeta işləri, yerləşəcək ərazinin geologiya işləri icra edilməkdədir.

 

 

İnnovativ layihələrin dəstəklənməsi, habelə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. “YT Park” MMC-nin icarəyə götürdüyü ərazidə gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, innovativ ideyalar bazasının formalaşdırılması, həmçinin innovasiya məhsulunun hazırlanması və işlənməsi məqsədilə, pilot layihə olaraq “PiCampus” Biznes İnkubasiya Mərkəzi (biznes inkubator) istifadəyə verilmişdir. Fəaliyyətə başladığı dövrdən texnoloji biznes inkubatoruna 182 layihə daxil olmuş və mövcud imkanlar nəzərə alınaraq onlardan 36-sı inkubasiya mərkəzində fəaliyyətə başlamışdır. Eyni zamanda, layihələrdə iştirak edən mütəxəssislərin proqramlaşdırma biliklərini artırmaq məqsədilə “Kod Academy” təlim kursları yaradılmışdır.

 

 

Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli Fərmanı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində 1,3 hektar torpaq sahəsində Mingəçevir “Yüksək Texnologiyalar Parkı” yaradılmışdır. Park innovasiya məhsulunun hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcəkdir. Mingəçevir “Yüksək Texnologiyalar Parkı”nda informasiya texnologiyaları məhsullarının istehsalında istifadə üçün Parka idxal olunacaq qurğuların idxal gömrük rüsumundan azad edilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən 2015-ci il 10 iyul tarixli 264 nömrəli qərar qəbul edilmişdir. Mingəçevir “Texnologiyalar Parkı”nda qabaqcıl xarici texnologiya ilə kompüter məhsullarının istehsal edilməsi üçün yerli şirkət olan “HTech invest” MMC-yə ilk rezident statusu verilmişdir. Parkın ərazisində olan mövcud infrastruktur və ən müasir avadanlıqlar vasitəsi ilə yaxın zamanda müxtəlif növ Azərbaycan brendi olan İKT məhsullarının istehsalına başlanılacağı nəzərdə tutulur. Ümumilikdə hər iki yüksək texnologiyalar parkının fəaliyyətinin təşkili üzrə işlər sürətləndirilməlidir.

 

 

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna 2015-ci ilin dövlət büdcəsindən  İKT sahəsində innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə 5.0 milyon manat vəsait ayrılmışdır.

 

 

2015-ci il üzrə İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi maliyyə mexanizmi üzrə iki sahibkarlıq subyektinə ümumilikdə 420,0 min manat güzəştli kredit verilmiş, həmçinin Fondun keçirdiyi 1-ci və 2-ci  qrant müsabiqələrində qalib olmuş 36 layihə (bundan 25 layihə başa çatmışdır) üzrə 267 298,05 manat qrant vəsaiti ödənilmişdir.

 

 

Fond tərəfindən 02 oktyabr - 10 noyabr 2015-ci il tarixləri üzrə 3-cü qrant müsabiqəsi elan edilmiş, müsabiqəyə 138 layihə təqdim edilmiş, cari ildə  daxil olmuş layihələrin ekspertizası başa çatmış, 14 layihə qalib gəlmiş və layihələr üzrə ödənişlər aparılır. 

 

 

 “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-yə ayrılmış 15,0 ha sahədə layihənin birinci fazası çərçivəsində ərazi hasarlanmış, yol çəkilmiş, inzibati və yardımçı binalar tikilmiş, ətraf ərazilərdə abadlıq işləri görülmüş və laboratoriyalar avadanlıqlarla təchiz edilmişdir.

 

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Texniki Əməkdaşlıq üzrə Proqramı çərçivəsində Azərbaycanda Sterilizasiya məqsədli “Qamma Şüalanma Kompleksi”nin yaradılması üzrə həyata keçirilən layihə çərçivəsində sterilizasiya qurğusu və digər laboratoriya avadanlıqları AEBA tərəfindən Azərbaycana verilmiş, izotop şüalanma mənbəyi alınmış və digər zəruri texniki işlər yerinə yetirilmişdir. Kompleksin tam şəkildə istismara verilməsi üçün son tamamlama və izotopun ölkəmizə gətirilməsi məqsədilə beynəlxalq tələblərə uyğun işlər aparılır. Qurğu respublikamızda tibbi material və avadanlıqların, qida və kənd təsərrüfatı məhsullarının sterilizasiyası, rezin-polimer materiallar və texniki məmulatların alınması və sintezini aparmaq məqsədilə  yaradılıb.

 

 

Ölkəmizdə Tədqiqat Nüvə Reaktorunun yaradılması üzrə strateji plan və texniki əsaslandırma aparılmış və strateji planın ilkin variantı AEBA-ya rəy alınması üçün təqdim olunmuşdur.

 

 

Hesabat dövründə Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində bir sıra nanoməhsulların prototiplərinin hazırlanması üzrə işlər davam etdirilmiş, istiliyə və güclü mexaniki təsirə davamlı elektromaqnit xassələrinə malik təmiz və kiçikdiametrli (5-10 nm) karbon nanoborular alınmış və polimer materiallara tətbiqləri öyrənilmişdir. LED-lampaları elektrik dövrəsinə qoşmaq üçün impulsvericilər hazırlanmışdır. Həmçinin 11%-lik karbon nanoborular əsasında maqnit sahəsinə həssas sensorlar hazırlanmışdır. Bu cür sensorların üstünlüyü ondan ibarətdir ki, öz kiçik ölçülərinə baxmayaraq onların keçiriciliyi ətraf mühitdəki maqnit sahəsi altında kəskin dəyişir.

 

 

Qanunvericilik bazasının təkmilləşdirilməsi və sahənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların qəbul olunması istiqamətində işlər davam etdirilmişdir.

2015-ci ilin 2-5 dekabr tarixlərində Bakı şəhərində “BakuTel-2015” 21-ci beynəlxalq telekommunikasiya sərgisi keçirilmiş, sərgini ölkə başçısı cənab İlham Əliyev ziyarət edərək, nümayiş etdirilən son texnoloji yeniliklərlə yaxından tanış olmuşdur.

 

 

2015-ci ildə dərc olunmuş beynəlxalq təşkilatların sahə üzrə reytinq müəyyən edən hesabatlarında Azərbaycanın mövqeyi aşağıdakı kimi olmuşdur: Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2015” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə dünyanın 143 ölkəsi arasında 57-ci yeri, həmin təşkilatın “Qlobal rəqabətqabiliyyətlilik 2015-2016” hesabatında “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi” üzrə dünyanın 140 ölkəsi arasında 40-cı yeri, Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi 2015” hesabatında “İKT İnkişaf İndeksi”nə görə 166 ölkə arasında 67-ci yeri tutmuşdur.

 

 

 

QEYD: 2015-ci il üzrə arayış Dövlət Statistika Komitəsinin nəşrləri və internet səhifəsində yer almış məlumatlar, habelə rabitə birlik və müəssisələrinin təqdim etdikləri rəsmi hesabatlar əsasında hazırlanmışdır.