Dosta göndər

19.03.2018

Novruz Bayramına həsr olunmuş marka dövriyyəyə buraxılıb

 

Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən bayrama həsr olunmuş xüsusi stend təqdim olunub.

 

Stenddə Ulu öndər Heydər Əliyevin portreti əks olunmuş,  "Müslim Maqomayev",  "Tofiq Quliyev", “Qara Qarayev”, "Bakı 2017, IV İslam Həmrəyliyi Oyunları", "Standart buraxılış 2018", "Novruz", "Formula 1",  "XXI Yay Olimpiya Oyunları, Rio 2016" həsr olunmuş markalar,  "Avropa Oyunları 2015",  "Azərbaycan", "İçərişəhər",  "Qarabağ", "Evrovision 2012" kitabları, habelə  "Turizm", "Avropa" adlı bukletlər və s. poçt məhsulları nümayiş olunub.

 

Stendə baxış keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, “Azərmarka” MMC Azərbaycan Respublikasının müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, milli bayramlarına, memarlıq abidələrinə, görkəmli siyasi-ictimai xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.

 

Sözügedən stenddə Novruz Bayramına həsr olunmuş, milli ornamentlərlə zəngin bayram ovqatı yaradan xüsusi marka da təqdim olunub. Markanın ilk nüsxəsi ölkə başçısı və birinci xanım tərəfindən imzalanıb və möhürlənib. Bununla da tarixi əhəmiyyət qazanan bu marka “Azərpoçt” MMC vasitəsi ilə dövriyyəyə buraxılıb və zərflərin üzərində Ümumdünya Poçt İttifaqına üzv olan bütün ölkələrdə yayılacaq.