Dosta göndər

05.12.2017

23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı “Bakutel” öz işinə başlayıb

/

 

 

23-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2017” sərgi-konfransı bu gün öz işinə başlayıb. Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilir.

Sərginin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, ənənəvi olaraq 20 ildən artıq bir müddətdə keçirilən tədbir ölkəmizdə İKT-nin müxtəlif istiqamətləri üzrə əldə olunan mühüm nailiyyətlərin nümayişi, yeni texnologiyalar və həllərlə tanışlıq, iştirakçı xarici ölkə və şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

O qeyd edib ki, “Bakutel” sərgi-konfransı müxtəlif ölkələri təmsil edən dövlət və ictimai xadimlərin, aparıcı biznes rəhbərlərinin, mütəxəssislərin, eləcə də, İKT sektorunun nümayəndələrinin yeni əməkdaşlıq əlaqələri, qlobal əhəmiyyətli müzakirələr və gələcək inkişaf perspektivlərini müəyyən etməsi üçün əlverişli platformadır.

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən yeni inkişaf strategiyası sayəsində ölkəmiz hazırda sürətli iqtisadi inkişaf tempinə, müasir və dayanıqlı infrastruktura, geniş kommunikasiya imkanlarına və əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir. Bu gün ölkədə İKT potensialının gücləndirilməsi, vətəndaşlara daha keyfiyyətli, rahat və müasir innovasiyaları tətbiq etməklə xidmət göstərilməsi, elektron xidmətlərin təşkili prosesinin surətləndirilməsi,  tranzit və regional informasiya magistrallarının yaradılması istiqamətində davamlı işlər görülür”-deyə nazir vurğulayıb.

 

“Caspian Event Organisers” şirkətinin baş direktoru Edvard Stroon bu ilki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkətin iştirak etdiyini deyib. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. E.Stoun qeyd edib ki, iştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır. Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər.

 

O, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunduğunu qeyd edib. “Bu il dünyanın 10 ölkəsi – Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər”.

 

Daha sonra sahə üzrə beynəlxalq təşkilatların rəhbərləri, xarici ölkələrin nazirləri sərgi ilə tanış olub. Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Cao, Regional Rabitə Birliyin baş direktoru Nurudin Muhitdinov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cahromi, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Qazaxıstan Respublikasının İnformasiya və Rabitə Nazirliyinin Telekommunikasiya üzrə Komitəsinin sədri Adil Kojihov, Belarus Respublikasının rabitə və  informasiyalaşdırma nazirinin müavini Anna Ryabova, Əfqanıstan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd Hadi Hedayati, Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Ümumi İdarənin baş direktoru Hamad Al Mənsuri, "İntersputnik"in baş direktoru Vadim Belov sərgini ziyarət ediblər.

 

Qeyd edək ki, sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edirlər. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və  əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunacaq.

 

Dörd gün davam edən sərgi yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq.

 

Sərginin işgüzar tədbirlərdən ibarət 4 günlük proqramı da olduqca zəngindir. Sərginin proqramı müxtəlif konfrans və görüşlərdən ibarətdir. İşgüzar proqramı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yüksək səviyyəli görüş; İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı; “E-Hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi” seminarı; “EU4 Digital: İKT innovasiya şəbəkəsi” üzrə II seminarı; “V Regional İnternet İdarəçilik Forumu”; “Asiya-Sakit okean İnformasiya Magistralı və Trans-Avrasiya Super İnformasiya Magistralı təşəbbüslərinin tətbiqini sürətləndirilməsi” seminarı keçiriləcək.