Dosta göndər

13.07.2017

Nazir beynəlxalq jurnalın əməkdaşlarını mükafatlandırdı

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə ABŞ-ın “Clarivate Analytics” şirkətinin (“Thomson Röyters” Agentliyi) 2016-cı il hesabatına əsasən, Təsir Əmsalı (Impact Factor) yüksələn “Applied and Computational Mathematics” (ACM) beynəlxalq jurnalının əməkdaşları mükafatlandırılıb.

 

 

Nazirliyin dəstəyi ilə fəaliyyət göstərən jurnalın Azərbaycan elminin təbliğində və dünya elmi fəzasına inteqrasiyasında əhəmiyyətli rol oynadığını nəzərə alaraq və Təsir Əmsalının artması münasibəti ilə onun uğurlarında zəhmətləri olan jurnalın həm baş redaktoru, akademik Fikrət Əliyev, baş redaktor müavini Nərgiz Səfərova, icraçı redaktor Nazilə Hacıyeva və  redaktor assistentləri Nərgiz Hüseynova və Yeganə Məmmədovaya nazirliyin “Fəxri fərman”ları təqdim olunub.

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsis etdiyi bu jurnal, hələ ki, təsir əmsalına malik ilk və yeganə Azərbaycan jurnalıdır.

 

 

Qeyd etmək lazımdır ki, ACM jurnalı MDB məkanında bu istiqamət üzrə ən yüksək impakt faktora (1.333) malikdir, Şərqi Avropada isə 3-cü yeri tutur. Nəşr olunduğu 16 il müddətində bu jurnal 45 ölkədən 250-dən artıq beynəlxalq müəssisə ilə elmi mübadilə həyata keçirib.

 

 

İngilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.