Dosta göndər

09.06.2017

“Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətinə müraciətlər artıb

 

“Elektron hökumət” portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzi cari ilin ilk beş ayında elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar və ən çox müraciət olunan xidmətlərin statistikasını açıqlayıb. Statistikaya əsasən, NRYTN xidmətlərinə müraciət sayı çoxluq təşkil edən ilk beşlikdə yer alıb. Belə ki, nazirliyin xidmətlərinə müraciət sayı 3 088 725 olub, ən çox istifadə edilən xidməti isə “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir. Cari ilin bu gününədək sözügedən xidmətə müraciət sayı 1 692 360-a çatıb.

 

NRYTN ilə yanaşı, cari ildə xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumu sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət Gömrük Komitəsi, “Azərsu" ASC, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası və Vergilər Nazirliyi yer alıb. Bu müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə ümumilikdə 4 577 529 dəfə müraciət olunub. Qurumun təqdim etdiyi elektron xidmətlərdən cari ildə müraciət sayı 1 388 673-ə çatan “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir ki, adı çəkilən xidmət 20 dövlət qurumu və 3 mobil operatorun informasiya resurslarına çıxışını təmin etməklə vətəndaşların işini asanlaşdırır.

 

Dövr ərzində Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi elektron xidmətlərə müraciət sayı isə 1 005 477-dir. Mərkəzin ən çox “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu” xidmətinə müraciət edilib ki, bu say 384 492-dir.

 

Müraciətlər Dövlət Gömrük Komitəsi üzrə 332 638; “Azərsu” ASC üzrə 59 596; Daxili İşlər Nazirliyi üzrə 39 615; Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 33 644; Ədliyyə Nazirliyi üzrə 20 190; Mərkəzi Seçki Komissiyası üzrə 16 822; Vergilər Nazirliyi üzrə 14 470 təşkil edib.

 

Beləliklə, statistika portalın təqdim etdiyi xidmətlərin çeşidi ilə yanaşı, istifadə dinamikasının da nəzərəçarpacaq dərəcədə müsbətə doğru dəyişdiyini göstərir.