Dosta göndər

24.05.2017

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qalibləri mükafatlandırılıb

/

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

11-ci Olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin “CtrlZ” komandası 2-ci, ADA Universitetinin “ADA U1” komandası 3-cü və Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası        4-cü yer tutub.

 

Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla, habelə  “Nar” operatoru və “BestComp Group” şirkətinin qaliblərə təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə qaliblər sırasından seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.

 

Olimpiada iki mərhələdə keçirilir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın “www.olimpiada.az” saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı aparılır. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.

 

Olimpiadanın final mərhələsinə isə hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda vəsiqə qazanır.

 

Bu il  respublika üzrə 24 ali təhsil müəssisəsindən 52 komanda “www.olimpiada.az” saytında qeydiyyatdan keçərək Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərib.

 

Bu il Olimpiadada müxtəlif komandaların tərkibində təmsil olunan iştirakçıların sayı 200 nəfərdən çox olub ki, onlardan da 20 nəfərdən çoxu qızlar olub.

 

Olimpiadanın final mərhələsində isə respublika üzrə 16 ali təhsil müəssisəsinin, o cümlədən 4-ü bölgələrdən olan 16 komandası iştirak edib və ən yaxşı nəticə göstərən 4 komanda qalib olub.