Dosta göndər

01.03.2013

Milli kosmik sənayeyə yeni sərmayə yatırımlarının şahidi olacağıq

 

Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin Bisnezinfo.az saytına müsahibəsi

 

Cənab Vəlizadə, informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Hazırda bu sahə hansı vəziyyətdədir?

 

İKT-nin uzunmüddətli inkişaf məqsədləri və çağırışları bu sektorda liberal və tənzimlənə biləcək mühitin yaradılmasını tələb edir, telekommunikasiya infrastrukturunun, elektron hökumətin və elektron xidmətlərin inkişafını nəzərdə tutur. 2020-ci ilə qədər İKT sektorunda gəlir səviyyəsini $8-9 milyarda qədər artırmaq nəzərdə tutulur.

 

Son on il ərzində İKT sektoru Azərbaycanda 7-8 dəfə böyüyüb. Orta illik artım burada 25-30% təşkil edib. Təkcə 2012-ci ildə artım 17,3% olub, İKT sahəsində gəlir isə 1,5 mlrd. AZN-dən artıq olub.

 

Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir, genişzolaqlı internetdən isə ölkə əhalisinin 50%-i istifadə edir. Xarici internet-kanalların həcmi 2,3 dəfə artıb və 200 Qb/saniyəyə çatıb, ölkənin məskunlaşmış ərazisinin 93%-i rəqəmli televiziya ilə əhatə olunub.

 

Hazırda mobil rabitə sahəsində üç operator 3G xidməti göstərir, 2012-ci ildən onlardan biri 4G texnologiyasının tətbiqinə başlayıb.

 

417 elektron xidmətdən 187-si elektron hökumət portalı vasitəsilə «bir pəncərə» prinsipi ilə göstərilir ki, bu sistemə də 40 dövlət orqanı qoşulub.

 

Ümumilikdə, artıq 600-ə qədər elektron imza sertifikatı verilib ki, onların da yarıdan çoxunun istifadəçisi fiziki şəxslərdir.

 

Azərbaycanda İKT sahəsinə sərmayə yatırımının 21%-ini xarici investisiyalar təşkil edir. Bu bizim iqtisadiyyatımızda əksini necə tapır?

 

Azərbaycan üçün yeniliklərin, müasir texnologiyaların, başqa ölkələrin effektiv biznes-modellərin yaradılması sahəsində qabaqcıl təcrübəsinin tətbiqi zəruridir. Bütün bunlar istehlakçıların keyfiyyətli xidmətlərlə təmin olunması yolu ilə onların maraqlarının təmin olunmasına imkan verir.

 

Qeyd edim ki, ölkədə yeni biznesin təşkili üçün əlverişli şərait yaradılır. Elektron hökumət layihəsi çərçivəsində tətbiq olunmuş «Vahid pəncərə» sistemi ilə sahibkarlıq subyektlərinin qeydiyyat müddəti 20 dəfə qısalıb (60 gündən 3 günə qədər), yeni təsərrüfatçılıq subyektinin yaranması üçün zəruri proseduraların sayı isə 13-dən 5-ə endirilib.

 

Ümumdünya İqtisadi Forumunun «The Global Competitiveness Report 2012-2013» adlı hesabatında göstərilmiş «Qlobal rəqabət qabiliyyətlilik» indeksinə görə, Azərbaycan 9 pillə irəliləyərək, 144 ölkə arasında 46-cı yeri tutub və beləliklə də, MDB məkanında liderliyini qoruyub saxlayıb. Dünya Bankının «Doing Business 2013» statistik məlumatına görə, Azərbaycan 2005-ci ildən sonra öz mövqelərini yaxşılaşdırmış 50 ölkə arasında 13-cü yeri tutub. Ümumilikdə isə, Azərbaycan 185 ölkə arasında 67-ci yerdədir.

 

Son on il ərzində ölkənin İKT sektoruna $2,5 milyarddan çox investisiya yatırılıb. 2012-ci ildə sərmayələrin həcmi $413 milyon təşkil edib.

 

Yaxın vaxtlarda yeni investisiyaların cəlb olunması gözlənilirmi?

 

Yeni investisiyalar telekommunikasiyaların müasirləşdirilməsinə, elm tutumlu İT məhsullarının və kosmik sənayenin inkişafına yönəldiləcək. Dövlət Neft Fondu İKT infrastrukturunun və geniş zolaqlı internet xidmətlərinin inkişafına təxminən $500 milyon vəsait yatıracaq.

 

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı ölkənin İKT sektoruna xarici investisiyaların cəlb olunmasını sürətləndirəcək. Biz milli kosmik sənayeyə sərmayə qoyuluşunun şahidi olacağıq.

 

Peyklərin buraxılmasına hazırlıq işləri davam etdiriləcək. Cari ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peyki «Azerspace» Yerin orbitinə çıxarılıb. 2015-ci ildə isə məsafədən zondlaşdırılan aşağı orbitli peyklərin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur.

 

Yerli biznes strukturları İKT sahəsinə investisiya qoyurlarmı?

 

İKT sahəsinə qoyulan yerli sərmayələrin əhəmiyyəti böyükdür. Belə ki, son beş il ərzində bu sahəyə yatırılmış vəsaitlərin yarısına qədəri yerli biznes-strukturların payına düşür.

 

Zəhmət olmasa, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti barədə danışın.

 

Fond İKT sektorunda fəaliyyətin stimullaşdırılması üçün yaradılıb. Bu qurum hələ ki, təşəkkül mərhələsindədir. Fondun fəaliyyət istiqamətlərindən biri - yeni başlanan layihələrə qrantlar şəklində maliyyə yardımının göstərilməsidir.

 

Qrant qalibləri qabaqcıl proqram təminatı və İKT məhsulu nümunələrini işləyib hazırlayacaq, İKT-nin tətbiqi sferasını genişləndirəcəklər. Fondun fəaliyyət istiqamətlərindən biri də vençur maliyyələşdirmə olacaq.

 

Rəqəmli televiziyaya keçid (DVB-T formatı – yerüstü yayım) 2013-cü ildə nəzərdə tutulub?

 

Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı» və Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı əsasında 9 ümumrespublika və bir Türkiyə kanalı (AzTV, Mədəniyyət, İdman Azərbaycan, İTV, Lider TV, Space TV, ATV, Xəzər TV, ANS TV və TRT-1) əsas paketdə yayımlanır.

 

Bu yayım respublikanın məskunlaşmış ərazisinin 93%-ni əhatə edir. 2013-cü ildə ölkədə rəqəmli televiziyanın tətbiqi və analoq yayımın dayandırılması nəzərdə tutulur.

 

DVB-T formatına keçiddən sonra xarici telekanalların yayımı necə həyata keçiriləcək?

 

Hazırda respublika ərazisində əsas (açıq) rəqəmli TV paketi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyi tərəfindən yayımlanır. Rəqəmli yayımın kommersiya paketi MTRŞ-in müəyyən etdiyi şirkətlər tərəfindən həyata keçirilir. TV proqramların tənzimlənməsi, o cümlədən, xarici telekanalların yayımı, şirkət və operatorlara lisenziyaların verilməsi və onların fəaliyyətinə nəzarəti də MTRŞ həyata keçirir.

 

Hazırda Azərbaycanda Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi həyata keçirilir. Bu layihə İKT-nin yüksək inkişaf səviyyəsinə malik olan iki regionun – Avropa və Asiya arasında əlaqənin qurulmasını nəzərdə tutur. Layihə ümumilikdə 20 ölkəni əhatə edəcək, hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələri gücləndirəcək.