Dosta göndər

22.02.2013

Peykin buraxılması İKT sahəsinin inkişafında əhəmiyyətli addımdır

 

İlk telekommunikasiya peykinin orbitə çıxarılması Azərbaycanın parlaq gələcəyini təmin edəcək İKT sahəsinin inkişafı istiqamətində atılan əhəmiyyətli bir addım kimi qiymətləndirilməlidir

 

Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun www.yap.org.az saytına müsahibəsi

 

 

- İltimas müəllim, Azərbaycanın ilk telekommunikasiya peyki fəzaya çıxarıldı. Bu hadisənin əhəmiyyəti nədən ibarətdir?

 

- 2013-cü ilin fevral ayının 8-də (Kuru kosmodromunda fevralın 7-də) Azərbaycanın müstəqillik tarixinin ən əlamətdar və tarixi hadisələrindən birinin, Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - Azerspace-1-in uğurla orbitə çıxarılmasının şahidi olmuşuq. Bu hadisə Azərbaycanın parlaq gələcəyini təmin edəcək informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı istiqamətində atılan əhəmiyyətli bir addım kimi qiymətləndirilməlidir. Çünki artıq hamıya məlumdur ki, dövlətin inkişafına, onun vətəndaşlarının yüksək rifah halına yalnız yüksək texnologiyaların tətbiqi ilə nail olmaq mümkündür. Bu məqsədlə, son dövrlərdə İKT sahəsi ölkədə prioritet sahə elan edilmiş, bir çox iri layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həyata keçirilən siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ili “İKT ili” elan etmişdir.

 

Yüksək texnologiyaların tətbiqi istiqamətində kosmik sənayenin yaradılması mühüm bir məqsəd kimi qarşıya qoyulmuşdur ki, artıq addım-addım bu məqsəd həyata keçirilir. Qeyd edək ki, bu gün telekommunikasiya peykinin uğurla orbitə çıxarılması 5 il ərzində aparılan işlərin son nəticəsidir. 2008-ci ildə Prezident İlham Əliyevin “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması” haqqında Sərəncamı ilə başlayan, 2009-cu ildə ölkədə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi ilə davam etdirilən işlər, dünyanın 10-dan çox inkişaf etmiş ölkəsi ilə beynəlxalq əməkdaşlıq nəticəsində, eyni zamanda yerli kadrların hazırlanması və aktiv iştirakı sayəsində mümkün olmuşdur. Bu isə o deməkdir ki, Azərbaycan artıq bir kosmos ölkəsidir, başqa sözlə desək, kosmik klubun üzvüdür. Bu mənada, peykin orbitə çıxarılması yaratdığı texniki imkanlarla yanaşı, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da səbəb olmuşdur.

 

Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsində, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir.

 

- Peyk ölkəmizə nə kimi dividendlər gətirəcək?

 

- Telekommunikasiya peykinin orbitə çıxarılması və istismarının ölkəmizə gətirəcəyi faydaları bir neçə qrupda birləşdirmək mümkündür. Peykin əsas faydası ölkədə yüksək səviyyəli peyk rabitəsinin təmin edilməsidir. Məlumdur ki, respublikanın yarıdan çox sahəsi dağlıq ərazilərdən ibarətdir. Dağlıq ərazilərin, dağlarda yerləşən ucqar yaşayış məntəqələrinin yerüstü kabel şəbəkəsi vasitəsilə rabitə əlaqəsi ilə təmin edilməsi müəyyən çətinliklər yaradır ki, peyk rabitəsinin köməyi ilə ölkənin bütün ərazisi, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla yüksək keyfiyyətli rabitə ilə təmin ediləcəkdir. Həmçinin, peyk rabitəsi mövcud yerüstü fiber-optik kabel şəbəkəsinin alternativi kimi qiymətləndirilməlidir. Belə ki, peyk rabitəsi yerüstü şəbəkənin həddən artıq yüklənməsinin qarşısını alır, təbii fəlakətlər nəticəsində yerüstü şəbəkənin zədələnmələri zamanı onun əvəz edilməsini təmin edir. Bu məqsədlərlə xarici dövlətlərin deyil, öz milli peykimizdən istifadə edilməsi informasiya təhlükəsizliyi baxımından da vacib bir məqamdır.

 

İkinci bir tərəfdən, peykin istismara verilməsi bütün ölkə ərazisinin, xüsusilə ucqar yaşayış məntəqələrinin internet xidmətləri ilə təmin edilməsini, televiziya yayımının daha yüksək keyfiyyətlə təşkilini, həmçinin yaxın gələcəkdə yüksək dəqiqlikli televiziya (HD) yayımı ilə təmin edilməsini mümkün edəcəkdir. Telekommunikasiya peyki ən ucqar məntəqələri belə əhatə etməklə, dövlət ilə vətəndaşlar arasında qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə sisteminin yaradılmasına və “Elektron hökumət”in daha üstün keyfiyyətlə təşkilinə, həmçinin məsafədən (distant) təhsil və e-səhiyyə xidmətlərinin genişləndirilməsinə əlavə dəstək verəcəkdir.

 

Digər tərəfdən, telekommunikasiya peyki həmçinin mürəkkəb geoloji və coğrafi mövqeyə malik ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və fövqəladə hadisələrin daha effektiv idarə edilməsinə töhfə verəcəkdir.

 

Göstərilənlərlə yanaşı, peyk sənayesi ən innovativ və texnoloji cəhətdən inkişaf etmiş və dünya üzrə rentabelli sənaye sahələrindən biri hesab edilir. Bu baxımdan, Azərbaycanın peyk rabitəsinə olan daxili tələbatını təmin etməklə yanaşı, peykin istismara verilməsinin digər məqsədi dünya səviyyəsində peyk rabitə xidmətlərinə artan tələbatın ödənilməsi üzrə ixtisaslaşmış gəlirli bir biznesdə iştirak edərək qazanc əldə etməkdir. 230 milyon ABŞ dollarına başa gələn “Azərspace-1” peykinin ona yatırılmış investisiyanı öz istismarının 7-ci ilində doğruldacağı nəzərdə tutulur.

 

Yer səthindən 36000 km hündürlükdə ekvator üzərində 46 dərəcə şərq uzunluğunda geostasionar orbitdə yerləşən “Azerspace-1” peykinin əhatə zonasına Mərkəzi Asiya, Avropa və əksər Afrika ölkələri daxildir. Azərbaycanın daxili tələbatı Azerspace-1 peykinin tutumlarının təqribən 20%-nə bərabərdir. Bu gün Azərbaycan televiziya kanallarının xarici ölkələrə məxsus peyklərdən yayımının təşkil edilməsi üçün ildə təxminən 5 milyon dollardan çox xərc çəkilir. Yaxın gələcəkdə bu xərcin azı 2 dəfə artması gözlənilir. Milli peykin istismara verilməsi, eyni zamanda həmin vəsaitin Azərbaycanın iqtisadiyyatına yönəldilərək son dövrlər davamlı inkişaf tempini təmin edən respublika üçün əlavə gəlir mənbəyinə çevriləcəkdir. Tutumların digər hissəsinin isə beynəlxalq bazarda satışa çıxarılması nəzərdə tutulur. İlkin olaraq, tutumların 44%-nin icarəsi ilə bağlı müqavilə artıq imzalanmışdır. Bu göstərici Azərbaycanın bu biznesə uğurlu girişini tərənnüm edən bir göstəricidir.

 

Nəhayət, qeyd etmək lazımdır ki, Azərbaycan öz peykini milli kadrlar vasitəsilə idarə edəcəkdir. Belə ki, Azerspace-1 peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərini həyata keçirən Azərkosmos ASC tərəfindən son 3 il ərzində yerli mütəxəssislər hazırlanmışdır. Həmin gənc kadrlar müxtəlif ölkələrdə yüksək səviyyəli təlimlərdə iştirak etmişlər və peykimizi müstəqil idarə etməyə qadirdirlər.

 

- Kosmik sənayenin gələcəkdə daha da inkişafı üçün qarşıda hansı vəzifələr dayanır? Perspekivdə bu sahə ilə bağlı nə kimi işlərin həyata keçirilməsi nəzərdə tutlur?

 

- “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yeri müşahidə peyklərinin orbitə çıxarılması nəzərdə tutulmuşdur. 2-ci telekommunikasiya peyki – Azerspace-2-nin 2016-cı ildə orbitə çıxarılması planlaşdırılır. 2015-cı ildə isə ilk milli Yerin Müşahidə Peykinin istismara verilməsi gözlənilir. Qeyd edək ki, artıq adı çəkilən layihələr üzrə işlərə başlanmışdır.

 

Bununla yanaşı, ölkədəki digər nazirlik və strukturlarla birlikdə kosmik sənayenin yaradılması istiqamətində də işlər həyata keçirilir. Kosmik aparatların, xüsusilə peyklərin ayrı-ayrı hissələrinin ölkə ərazisində istehsal edilməsi, yeni kosmik texnologiyaların öyrənilməsi və tətbiqi istiqamətlərində təkliflərin hazırlanması işləri davam etdirilir.

 

Azərbaycan kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və maliyyə təsisatları ilə sıx əməkdaşlıq yaratmış, habelə BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi (COPUOS) kimi bir sıra beynəlxalq təşkilatlarla kosmik sahə üzrə bir çox müstəvilərdə regional əməkdaşlıq istiqamətində mühüm işlər aparmışdır. Bu kimi əməkdaşlıq tədbirləri təcrübə mübadiləsi ilə yanaşı kosmik fəaliyyətin ölkənin üzv olduğu beynəlxalq təşkilatın fəaliyyəti çərçivəsində həyata keçirilməsi, respublikanın regional və beynəlxalq əhəmiyyətli kosmik proqramlarda iştirakını hədəfləyir.

 

- İltimas müəllim, İKT-nin inkişafı ilə bağlı ölkəmizdə daha hansı iri layihələr həyata keçirilir?

 

- Azərbaycanda İKT sahəsində beynəlxalq təcrübəyə, qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa əsaslanan fəaliyyət nəinki ölkəmiz, habelə region ölkələri üçün mühüm əhəmiyyətli İKT layihələrinin həyata keçirməsinə zəruri potensial formalaşdırmışdır.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birlikdə Bakı şəhəri və respublikanın digər bölgələrində həmçinin Naxçıvan MR ərazisində əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə layihə hazırlamışdır. Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə “Hər evə optika” prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə və magistral şəbəkədə ATS-dən iki km-dən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmamış yaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmış yaşayış məntəqələrinin ən yeni texnologiyalarının tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, struktur və tarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapmışdır.

 

Layihədə eyni zamanda 2015-ci ilə qədər və sonrakı dövrdə Bakı şəhərində 30-100 mb/s və daha çox, digər iri şəhərlər və rayon mərkəzlərində 10-30 mb/s və daha çox, qəsəbə və kənd yerlərində 5-10 mb/s və daha çox sürətli genişzolaqlı internetlə təmin ediləcəyi, layihənin həyata keçirilməsi, o cümlədən maliyyələşdirilməsi üçün müvafiq islahatların aparılması nəzərdə tutulur.

 

Digər layihə TASİM- Trans-Milli Avrasiya Super İnformasiya Magistralı layihəsidir. Bu layihə üzrə Qərbi Avropanı Şərqi Asiya (Çinlə) ilə birləşdirən optik kabellər üzərində qurulan çox böyük tutuma malik olan informasiya ötürmə magistralının yaradılması nəzərdə tutulur. Azərbaycan hökumətinin təklifi ilə 2009-cu ildə BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında xüsusi qətnamə ilə bəyənilmiş və Azərbaycana layihə üzrə koordinator olması təklif olunmuşdur. BMT-nin qərarına əsasən bu layihə Avrasiya regionunun informasiya infrastrukturunun gücləndirəcək, regiona (təxminən 20 ölkəyə) sürətli və ucuz internet və digər informasiya xidmətləri gətirəcək, internet iqtisadiyyatın, təhsil və səhiyyənin inkişafına və yoxsulluğun azaldılmasında xüsusi rol oynayacaq və həmçinin yeni biznes layihələrinin yaranmasına səbəb olacaqdır. İndi beş ölkənin telekommunikasiya operatorları (Çin, Qazaxıstan, Rusiya, Azərbaycan və Türkiyə) layihənin reallaşması üçün konsorsium yaratmaq üzərində işləyirlər. Yaxın vaxtlarda Gürcüstan, Bolqarıstan və Ukraynanın da layihəyə qoşulması gözlənilir. 2012-ci ilin dekabr ayında BMT-nin 67-ci Baş Məclisi Azərbaycanın TASİM layihəsinə xüsusi qətnamə ilə ikinci siyasi dəstəyini vermiş və bu layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyə etmişdir.

 

Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunmasına başlanılmış və indi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına çıxış imkanı təmin olunmuşdur. Bu ildən Azərbaycan tamamilə rəqəmli yayıma keçir.

 

Azərbaycanda “elektron hökumət” layihələri uğurla həyata keçirilir. Elektron imzanın tətbiqi genişlənir. Dövlət orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə 6000-ə yaxın elektron imza verilmişdir. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi və onların elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədi ilə “elektron hökumət” portalı (www.e-gov.az) yaradılmış və əhali və iş adamlarının istifadəsinə verilmişdir. Hazırda “elektron hökumət” portalına 39 dövlət orqanının informasiya sistemi qoşulmuşdur və 182 elektron xidmət göstərilməkdədir. Artıq, Azərbaycanda sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, ölkəyə gətirilən və aparılan mallar elektron şəkildə bəyan edilir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilir və bu say gündən-günə artır.

 

- Yeni yaradılacaq İnformasiya Texnologiyaları Universitetinin əsas məqsədi və vəzifələri nədən ibarət olacaqdır?

 

- Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2013-cü il tarixli Sərəncamı ilə AR-da İnformasiya Texnologiyaları Universiteti yaradılmışdır. Respublikamızın sosial-iqtisadi inkişafının və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişlənməsi insan resurslarının da dinamik inkişafını tələb edərək, bu sahəyə aid ali təhsil ocağının yaradılması zərurətini ortaya qoymuşdur.

 

İnformasiya cəmiyyətinin qurulması üzrə reallaşdırılan irimiqyaslı layihələrin, yaradılması nəzərdə tutulan texnoparkların və s. digər layihələrin yüksək hazırlığa malik kadrlarla təminatına və gənc mütəxəssislərin hazırlanmasına hesablanmış İTU-da prioritet ixtisasların olması nəzərdə tutulur.