Dosta göndər

02.12.2015

“Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Ramin Quluzadənin çıxışı

Hörmətli tədbir iştirakçıları.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

 

Sizi “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransının açılış mərasimində salamlayıram.

 

Artıq ənənəvi olaraq təşkil edilən “Bakutel” sərgi və konfransı telekommunikasiya və informasiya texnologiyaları sahəsində mühüm beynəlxalq tədbirə çevrilib.

 

Ötən 21 il ərzində “Bakutel” sərgisi informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi  özünü təsdiq edib.

 

1994-cü ildən ənənəvi təşkil olunan beynəlxalq “Bakutel” sərgisinin müxtəlif ölkələrdən olan iştirakçıları ötən illər ərzində eyni zamanda müstəqil Azərbaycanın güclənən iqtisadi imkanları, elmi-texnoloji nailiyyətlərinin ilbəil canlı şahidi olmuşlar.

 

İqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında olan Azərbaycanda  informasiya və yüksək texnologiyaları sektorunun qarşısında böyük vəzifələr qoyulub. Bu sahə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet inkişaf sahələrindən elan edilmişdir.

 

Son illərdə əldə olunan nailiyyətlər, İKT-nin inkişafı baxımından Azərbaycan artıq regionun lider dövləti kimi tanınır. Müstəqil, gənc dövlət olan Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bunun nəticəsində  Azərbaycan iqtisadiyyatın ayrı-ayrı sahələrindəki gücünü insan kapitalına da çevirməyə nail olmuşdur.

 

Bu gün  beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda kosmik sahədə lider ölkəyə çevrilib.

 

 

Hörmətli sərgi iştirakçıları!

 

Əminəm ki, builki “Bakutel” sərgi və konfransı yüksək səviyyədə keçiriləcək, regionda İKT-nin inkişafına yeni təkan verəcəkdir.

 

Sizi beynəlxalq sərginin açılışı münasibətilə bir daha ürəkdən təbrik edir, uğurlar arzulayıram.

 

Sərginin təşkilatçılarına və tərəfdaşlarına minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə sağ olun.