Dosta göndər

17.04.2015

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, cənab İltimas Məmmədovun çıxışı

Hörmətli tədbir təşkilatçıları!

Hörmətli xanımlar və cənablar!

 

İcazə verin, ilk öncə tədbirə dəvətə görə öz təşəkkürümü bildirim və konfransın işinə uğurlar arzulayım. Konfrans çox aktual mövzuya həsr olunub. Çünki  intellektual mülkiyyət innovasiya iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin güclü amili sayılır. Bu  gün  Avropa Birliyinin iqtisadi aktivliyinin 39%-i məhz intellektual sektorla  bağlıdır, bütün işçilərin 26%-i bu sektorda çalışır. Amerika Birləşmiş Ştatlarında  intellektual sektor $5.06 trillyon əlavə dəyər yaradır,  bu isə ümumi daxili məhsulun 30%-dən çoxunu təşkil edir.

 

Bütün  dünyada  olduğu kimi, ölkəmizdə də iqtisadiyyatın innovativ inkişafı diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında uzunmüddətli davamlı iqtisadi inkişafın təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılmasının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Bu istiqamətdə yüksək texnologiyalar, informasiya texnologiyalarına böyük ümidlər bəslənir.

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda da öz bəhrəsini verməkdədir.

 

Ölkədə ən müasir standartlara uyğun milli telekommunikasiya, poçt və teleradio infrastrukturu formalaşmış və inkişaf etmişdir. MDB regionunda ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə vahid 7 rəqəmli nömrələmə sistemi və bir cüt naqil vasitəsilə eyni zamanda telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən "Yeni nəsil şəbəkələri” texnologiyası tətbiq olunmuşdur.

 

Bu gün Azərbaycanda hər 100 nəfərə 73 internet istifadəçisi düşür ki, onların da 50%-i yüksəksürətli internetdən istifadə edir. Bu göstəriciyə görə,  Azərbaycan ilə MDB və Mərkəzi Asiyada  liderliyini saxlayır.  Mobil sektor müasir infrastruktura malikdir və  “3G”,  “4G”  xidmətləri təqdim edir. Hər 100 nəfərə 110 mobil istifadəçi düşür.  Ölkə əhalisinin 98%-i rəqəmli televiziya ilə əhatə olunmuş və rəqəmsal efirə  keçməyə tam hazırdır.

 

Azərbaycan kosmik peyk xidmətlərini genişləndirir. 2013-cü ilin iyul ayından kommersiya fəaliyyətinə başlayan “Azərspace-1” peyki Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika regionları üzrə ümumilikdə 50-dən artıq ölkəyə yüksək keyfiyyətli peyk xidmətləri göstərir və onun vasitəsilə 60-dan çox yerli və xarici teleradio kanallarının yayımı və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir.

 

Azərbaycanın ikinci peyki - yer səthini müşahidə peyki 2014-cü ilin dekabr ayından orbitdədir.  Müşahidə peyki ölkəmizin tələbatını qarşılamaqla yanaşı, geniş region ölkələrinə xidmət edəcəkdir.

 

Gələcəyin çağırışları və inkişaf tendensiyalarını nəzərə alaraq, ölkə ərazisində genişzolaqlı İnternet infrastrukturunun inkişafı üzrə 3 illik Fəaliyyət Proqramı hazırlamışıq. Hədəfimiz  “evlərə optika” prinsipi əsasında hər evə 100 MB/s sürətlə kanal vermək və 2019-cu ildə genişzolaqlı internet istifadəçisi sayını  85%-ə çatdırmaqdır.

 

Dövlət idarəçiliyinin  səmərəliliyin  artırılması, şəffaflığının təmin olunması, onun fəaliyyətində vətəndaşların, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının geniş iştirakını təmin etmək  məqsədi ilə elektron hökumətin  tətbiqinə xüsusi diqqət verilir. Artıq 400-dən çox xidmət elektronlaşdırılmış və portal vasitəsilə təqdim olunur. Artıq elektron xidmətlərin alınması üçün 8 milyondan çox portala müraciətlər olmuşdur.

 

Ümumilikdə,  ölkəmiz İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir. Ümumdünya İqtisadi Forumunun hesabatlarına görə, son 10 ildə ölkəmiz dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına daxil olmuş, iqtisadiyyatın rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci yeri tutmuş, İKT-nin inkişafına görə 49-cu yer, hökumətin İKT-nin gələcək inkişafına yanaşmasına görə 6-cı yer tutur.

 

Bununla bərabər,  görüləcək işlər çoxdur. İntellektual mülkiyyətə, yüksək texnologiyalara əsaslanan və rəqabətə davamlı məhsul və xidmətlərin istehsalını təmin etmək üçün yeni iqtisadi, hüquqi və təşkilati idarəetmə mexanizmləri tələb edilir.

 

Artıq bu istiqamətdə ölkəmizin iqtisadi siyasətində bir neçə əsaslı addımlar atılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər sənaye və texnoloji parklar şəbəkəsi, o cümlədən bizim nazirliyin tabeliyində Yüksək Texnologiyalar Parkı - “YTPark”  yaradılmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “KÜR” zavodunun bazasında  Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılmış və  onun idarə edilməsi  nazirliyin tabeliyində olan  “YTPark”a həvalə olunmuşdur.  Hal-hazırda, burada  İT məhsulları istehsal etmək üçün tanınmış İT şirkətləri ilə  danışıqlar aparılır...

 

Bütün bunlar intellektual  mülkiyyətin qorunmasını vacib edir.  Ölkəmizdə, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  (RYTN) tərəfindən bu istiqamətdə ciddi addımlar atılır.  

 

Dövlət orqanlarında istifadə olunan kompüterlərin “Microsoft International” şirkətinin proqram təminatı ilə lisenziyalaşdırılması üçün RYTN  ilə adıçəkilən şirkət arasında 2011-ci ildə imzalanmış “Enterprise Agreement” Sazişi çərçivəsində “Microsoft” şirkətinin məhsulları olan “MS Windows 7 Enterprise” əməliyyat sistemi və “Office Professional Plus 2010” ofis proqramı üçün 10000 ədəd daimi lisenziya alınaraq mərkəzi icra hakimiyyəti orqanlarına verilmişdir. Hal-hazırda dövlət orqanlarında istifadə olunan kompüterlərin lisenziyalaşdırılmasının ikinci mərhələsinin həyata  keçirilməsi üçün “Microsoft” şirkəti ilə danışıqlar aparılır. 

 

RYTN və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Xalq kompüteri” layihəsi çərçivəsində verilən bütün kompüterlər lisenziyalı proqram təminatı ilə təchiz olunur. Artıq bu layihə çərçivəsində 25300-dən çox kompüter orta məktəb müəllimlərinə, şagirdlərinə, həmçinin  ali təhsil müəssisələrinin müəllim və tələbələrinə güzəştli şərtlərlə verilmişdir.  

 

Son  illərdə lisenziyalaşdırma sahəsində əldə olunmuş irəliləyişlər beynəlxalq hesabatda da öz əksini tapmışdır. Proqram Təminatı İstehsalçıları Assosiasiyasının (BSA) sifarişi ilə “IDC” şirkəti tərəfindən iki ildən bir aparılan “Proqram təminatı bazarının qlobal tədqiqatı” hesabatında qeyd olunmuşdur ki, Azərbaycanda  son 9 ildə lisenziyalı proqram təminatından istifadə  9% yüksəlmiş və 2013-cü ildə 2011-ci illə müqayisədə 2% artmışdır.  Lisenziyasız proqram təminatından istifadə səviyyəsi isə 85%-ə enmişdir. Bu artım ümumdünya artım göstəricisinə uyğun səviyyədə olmuşdur.

 

Bildiyiniz kimi, RYTN-də Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) fəaliyyət göstərir. Ölkənin İKT sahəsində aparıcı dövlət, özəl, elmi-tədris müəssisələri TK 05-in üzv təşkilatlarının sırasında təmsil olunur. 2008-ci ildən fəaliyyət göstərən bu komitə  tərəfindən informasiya təhlükəsizliyi, proqram mühəndisliyi, biometriya, rəqəmli TV, terminologiya sahələrində,  ümumilkdə 40-a yaxın milli standart hazırlanaraq  qəbul edilmiş və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınaraq tətbiq olunur.

 

Lakin bu sahədə görüləcək işlər çoxdur. İKT sektorunun inkişafı  intellektual  mülkiyyətin qorunması ilə bağlı məsələləri daha da ön plana çıxarır, həmçinin yeni məsələlərin həllini zəruri edir.   İstehsal olunan məhsulların rəqəbatə davamlı olması və bazara çıxa bilməsi üçün intellektual mülkiyyətin qorunması təmin olunmalıdır. Bu gün ölkəmizdə genişlənən “start-up” hərəkatı da bu məsələyə xüsusi diqqət verməyimizi tələb edir. Texnoloji parklarda fəaliyyət göstərən “start-up”çıların ideyaları qorunmalıdır.

 

Bundan əlavə, internetin inkişafı ilə əlaqədar virtual mühitdə əqli mülkiyyətin qorunması ilə bağlı problemlər hələ də qalmaqdadır. Ümid edirik ki,  bugünkü konfransda bu məsələlər geniş müzakirə olunacaq və həlli istiqamətində yeni fikirlər ortaya çıxacaqdır.

 

Diqqiətinizə görə sağ olun.