Dosta göndər

Milli Sertifikat Xidmətləri Mərkəzi

Layihə haqqında

 

 

Mövcud qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasında elektron imzadan istifadənin təmin edilməsi məqsədilə Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması həyata keçi­rilir. Belə bir infrastruktur ölkənin sosial-iqtisadi sahələrində, vətəndaşların əlaqələrində elektron imzadan istifadə edilməsinə şərait yaradacaq və yeni-yeni İKT layihələrində istifadəçilərin identikləşdirilməsi, göndərişlərin təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə xidmət edəcəkdir. Yaradılan Milli Sertifikat Xidmətləri Mərkəzi (SXM) ölkədə digər sertifikasiya xidmətləri mərkəzlərinin fəaliyyətini təmin edəcəkdir.

 

Layihənin məqsədi    

  • Ölkədə SXM-lərin fəaliyyətinin təşkili üçün təşkilati, texniki və texnoloji mühitin yaradılması
  • Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarında elektron imzanın istifadəsini təşkil etmək üçün sahə üzrə SXM-in yaradılması və fəaliyyətinin təşkili
  • Azərbaycan Respublikasının əhalisi və biznes qurumları tərəfindən elektron imzanın istifadəsini təşkil etmək üçün müvafiq SXM-in fəaliyyətinin təşkili
  • Azərbaycan Respublikasında Milli Mərkəzlər Sisteminə daxil olan mərkəzlərlə xarici ölkələrdə yerləşən mərkəzlər arasında qarşılıqlı münasibətləri tənzimləmək. 

SXM-in komponentləri

Yaradılacaq Açıq Açar İnfrastrukturu iyerarxik struktura malikdir. Ali Sertifikasiya Xidməti Mərkəzi bu iyerarxiyanın kökündə dayanır və yaradılacaq digər mərkəzlərin fəaliyyəti üçün vacib olan elektron imza sertifikatlarını dərc edir və reyestrini aparır. İyerarxiyanın növbəti səviyyəsində eyni­hüquqlu Hakimiyyət orqanları mərkəzi, Elek­tron hökumət mərkəzi və yaradıla biləcək digər mərkəzlər yerləşir.

 

Ali Mərkəz

Ali Mərkəzin funksiyalarına milli sistemə daxil olan mərkəzlərə sertifikatların verilməsi və onların idarə olunması, həmçinin mərkəzlərin fəaliyyətinin təmin edilməsi ilə bağlı siyasətin müəyyənləşdirilməsi daxildir.

 

Hakimiyyət Orqanları Mərkəzi

Bu mərkəzin funksiyalarına dövlət hakimiyyəti orqanlarında elektron imzadan istifadənin təmin edilməsi üçün istifadəçilərə sertifikatların verilməsi daxildir.

 

Elektron Hökumət Mərkəzi

 

 

Bu mərkəzin funksiyalarına hakimiyyət orqanları ilə qarşılıqlı münasibətləri təmin etmək üçün təsərrüfat subyektlərinə, vətəndaşlara sertifikatların verilməsi və onların idarə olunması daxildir.

 

Elektron imzanın mümkün tətbiq sahələri:

  • Hökumət-vətəndaş, hökumət-biznes əlaqələrində elektron sənədlərdən istifadə
  • Elektron xidmətlərin təşkili
  • Elektron ticarətin genişlənməsi
  • Hökumət orqanları, vətəndaşlar, biznes qurumları arasında informasiya münasibətləri

 

Elektron imzadan istifadənin səmərəsi:   

  • Elektron sənəd dövriyyəsinin tətbiqi
  • Kargüzarlıq prosedurlarının elektronlaşdırılması və bununla bağlı olan kağız əməliyyatlarının ləğv edilməsi və ya minimallaşdırılması
  • Sənədlərlə iş proseslərinin şəffaflığının və nəzarətlilik imkanının artırılması
  • Eyni sənədlə istənilən sayda istifadəçinin işləmə imkanının yaradılması
  • Sənədlərin icrasının effektiv təşkili
  • Hesabatların hazırlanmasının avtomatlaşdırılması və çevikliyi
  • Təşkilat və dövlət müəssisələrinin personalının informasiya texnologiyalarından geniş istifadəsi
  • Sənəd arxivləri ilə işin səmərəli təşkili
  • On-layn xidmətlərin göstərilməsinin təşkili və təhlükəsizliyinin yüksəldilməsi
  • İdarəetmədə effektivliyin yüksəldilməsi
  • Vətəndaşlar, biznes qurumları tərəfindən müvafiq orqanlara müraciətlərin sadə, münasib vaxtda və formada göndərilməsinin təmin olunması.