Dosta göndər

Maliyyə xidmətlərinin inkişafı

 

Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf krediti haqqında” Saziş (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi (MXİL) 24 may 2005-ci il tarixində imzalanmışdır. Ölkə Prezidentinin 25 avqust 2005-ci il tarixli 973 nömrəli sərəncamı ilə təsdiq edilmiş layihə, ilk növbədə, “Azərpoçt” MMC-nin mövcud platformasından istifadə etməklə maliyyə xidmətlərinin inkişafına şərait yaratmağı, kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışını təmin etməyi və 1200 poçt şöbəsi vasitəsilə müştərilərə geniş həcmli xidmətlər təklif etməyi nəzərdə tutur. Layihənin həyata keçirilməsinə 2005-ci ilin 14 oktyabr tarixindən başlanmışdır və Dünya Bankı, RİTN və İsveçrənin “SECO” təşkilatının maliyyə vəsaiti hesabına həyata keçirilmişdir.

 

Layihə çərçivəsində  Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) texniki yardımı ilə “Azərpoçt” MMC üçün yeni hesablar planı hazırlanmış və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilərək tətbiqinə başlanmışdır. Niderlandın “FACP” şirkətinin məsləhətçiləri tərəfindən “Azərpoçt”  MMC-də institusional quruculuğun həyata keçirilməsinə yardım göstərilmiş, müxtəlif modullar üzrə MMC-yə məsləhət xidmətləri göstərilmişdir.

 

Eyni zamanda, “FACP” şirkətinin məsləhətçiləri tərəfindən “Azərpoçt” MMC-nin bazaryönümlü yeni strukturu hazırlanmış və PF və PŞ-lərdə  islahatlar aparılmaqla  “Azərpoçt” MMC-nin strukturunun bank-maliyyə xidmətləri göstərən qurumların strukturuna uyğunlaşdırılması təmin edilmişdir.

 

Hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 2 oktyabr 2008-ci il tarixində Milli Məclis tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il  tarixli 17 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

 

Layihənin ən vacib komponentlərindən biri olaraq “Azərpoçt” MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (AKİS) satınalınması və sistemin quraşdırılması uğurla sona çatdırılmış, ilk növbədə “Azərpoçt” MMC-nin baş idarəsi tam avtomatlaşdırılmış, daha sonra Bakı şəhərində və digər bölgələrdə yerləşən PF və PŞ-lərin avtomatlaşdırılması həyata keçirilmişdir.

 

 

Yeni maliyyə xidmətlərinin göstərilməsi məqsədilə “Azərpoçt” MMC-nin AMB-nin AZİPS və XÖHKS sistemlərinə, eləcə də “SWIFT” sisteminə qoşulmuşdur. Bundan başqa, ABŞ-ın “Citibank”, Avstriyanın “Raifeizenbank” və Rusiyanın “Sberbank”ında “Azərpoçt” MMC-yə xarici valyutalarda müxbir hesabları açılmışdır ki, beynəlxalq bank əməliyyatları həmin hesablar vasitəsilə həyata keçirilir.

 

 “Azərpoçt” MMC-nin bir sıra şöbələri "Western Union", "Contact", "Caspian Money Transfer"  beynəlxalq pulköçürmələri sisteminə qoşulmuş və əhalinin istifadəsinə verilmişdir. “Azərpoçt” MMC plastik kartların emissiyası və plastik kartlar bazarına inteqrasiyası məqsədlə 15.06.2010-cu ildə “MilliKart” MMC prosesinq mərkəzi ilə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmış, bununla da həm lokal kartların, həm də “MasterCard” loqolu plastik kartların emissiyasına başlanılmışdır.

 

Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış Sazişə uyğun olaraq MXİL-in icrası 30.06.2010-cu il tarixində sona çatmış və artıq AKİS-ə qoşulmuş poçt şöbələrində yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanmışdır.

 

Müxtəlif qoşulma növləri vasitəsilə ümumilikdə 803-dək poçt şöbəsinin və 37 poçt agentliyinin real vaxt rejimində mərkəzi serverə qoşulması təmin edilmişdir. O cümlədən, 50 poçt şöbəsi isə “Azərcell” MMC-nin “3G” texnologiyası vasitəsilə qoşulmuşdur. “Azərpoçt” MMC-nin digər poçt şöbələrinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülməkdədir.

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.11.2012-ci il tarixli 302s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma  və İnkişaf Bankı arasında “Azərbaycan Respublikası: İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Maliyyə sektorunun Modernizasiyası Layihəsi”nin  2-ci modulunun tələblərinə uyğun olaraq, “Azərpoçt” MMC-nin işçilərinin təlimi, yeni imicinin formalaşdırılması və 2011-2012-ci illər üçün auditinin aparılması məqsədilə 550,000 (beş yüz əlli min) ABŞ dolları məbləğində qrant vəsaiti ayrılmışdır.

 

Qrant vəsaiti hesabına hər üç komponent üzrə tenderlər keçirilmiş və  Niderlandın “GUYDYON”, yerli “ABTC” və “KPMG” şirkətləri ilə müvafiq müqavilələr imzalanmışdır. Belə ki, 2011-2012-ci illər üçün auditin aparılması demək olar ki, artıq tamamlanmışdır. İmicin yenidən qurulması komponenti üzrə məsləhətçilər pilot region kimi seçilmiş  Şirvan şəhərinə səfər etmiş, bir sıra hesabatlar və filialın yeni imicinin dizaynını hazırlamışlar.

 

MMC-nin işçiləri üçün təlimlərin keçirilməsi komponenti üzrə müəyyən işlərə artıq başlanılmış, layihə çərçivəsində 2015-ci ilin mart ayına qədər 2500 (iki min beş yüz) işçi heyətinin təlimlərdən keçirilməsi nəzərdə tutulmuşdur. 

 

2013-cü ildə maliyyə xidmətləri fəaliyyətinin həyata keçirilməsi üçün icazələrin alınması işi davam etdirilmiş və Mərkəzi Bankdan daha 9 poçt şöbəsinə maliyyə xidmətləri göstərilməsi üçün icazə alınmışdır. “Azərpoçt” MMC üzrə alınmış icazələrin ümumi sayı 1015-ə çatdırılmışdır.

 

2013-cu ilin sonuna 10000 yaxın “Maestro” “Master Card” loqulu əməkhaqqı kartı emissiya edilərək müştərilərə təqdim olunmuşdur.

 

Hal-hazırda  müştərilərə 109 ədəd POS-terminal 15 ədəd ATM vasitəsi ilə müştərilərə xidmət göstərilir.  

 

Görülmüş işlər nəticəsində “Azərpoçt” tərəfindən ölkənin bütün ərazisini əhatə edən şəbəkə vasitəsilə əhaliyə keyfiyyətli poçt-maliyyə xidmətlərini göstərmək üçün  şərait yaradılmışdır.