Dosta göndər

Yüksək texnologiyalar

 

Yüksək texnologiyalar müasir dövrümüzün daha çox mütərəqqi və elm tutumlu  texnologiyalarıdır, eləcə də onlardan və onlara əsaslanan texniki vasitələrdən istifadəyə keçid indiki mərhələdə elmi-texniki inqilabın mühüm amilidir.

 

Məhz buna görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində məqsədi qabaqcıl texnologiyaları Azərbaycana gətirmək, Azərbaycanda elm tutumlu sənayenin inkişafına xidmət edən Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb.

 

Mərkəz XXI əsr konverqensiya texnologiyasını həyata keçirir, bu da “nanotexnologiya”, “biotexnologiya”, “neyroelektronika” və “süni intellektin” birləşərək gələcəyin təkamül sənayesini formalaşdırır və özünəməxsus qanunauyğunluqla avtomatlaşdırılmış formada təşəkkül tapır.

 

Mərkəz MDB məkanında və bir çox Avropa ölkələrində analoqu olmayan bir təsisatdır. Burada qurulan və Almaniya, ABŞ istehsalı olan avadanlıqların müasirliyi, eyni məkanda toplanması qarşıya qoyulan məqsədə nail olmağa zəmin yaradır.

 

Mərkəzdə sonuncu nəsil zəngin laboratoriyalar qurulub, o cümlədən Fotometrik laboratoriya, Bio-kimya nanotexnoloji laboratoriya, A-CVD karbon nanotexnologiyalar laboratoriyası, Optik spektrometriya laboratoriyası, Elektron mikroskop laboratoriyası (AFM-Atom Qüvvət Mikroskopu, SEM- Skanedici Elektron Mikroskopu). Həmçinin Avropa standartlarına uyğun müasir “Clean room” yaradılıb ki, burada yüksək texnoloji məhsullar alınır.

 

Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzində elm tutumlu yüksək texnologiyalara əsaslanan məhsulların alınması və onların nümayişi də həyata keçirilir.

 

Mərkəzdə hazırda həyata keçirilən layihələr:

 

  • Az enerji sərf edən, ekoloji təmiz və iqtisadi səmərəliyə malik LED işıqlar (xüsusən küçə işıqları) istehsal olunur. İstehsal olunan LED işıqları mərkəzin innovativ kəşfləri əsasında yaradılır və mərkəzdə qurulan Fotometrik laboratoriyada sınaqdan keçirilir. LED işıqları üçün çox önəmli olan çeviricilər (Driver-Intelligent and isolated power supply) də mərkəzin texnologiyaları əsasında yığılır. 
  • Karbon nanoborularının alınması ilə əlaqədar olaraq Ayresol-CVD texnologiyası yaradılmış, bir və ya çox divarlı karbon nanoborular alınır. Alınan nanoborular informasiya texnologiyalarında və sənayenin müxtəlif sahələrində (ekologiya, hərbi sənaye, tikinti sektoru, maşınqayırma) tətbiq üçün nəzərdə tutulub. 
  • Bionanotexnologiya üzrə porfirin nanoboruları (dərman preparatlarının orqanizmdə nişangah-hüceyrələrə istiqamətli çatdırılmasını təmin etmək məqsədi ilə) və DNK (informasiya daşıyıcı biomolekul) sintez olunur ki, bu da tibdə müasir diaqnostikada tətbiq olunacaq.