Dosta göndər

Radiotezliklərin idarə edilməsi

 

Radiotezliklərin idarə edilməsi məqsədilə Azərbaycan Prezidentinin 15 avqust 1996-ci il tarixli fərmanına əsasən ölkədə Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası (RTDK) yaradılmışdır.

 

Komissiyaya Azərbaycan baş nazirin müavini Abid Şərifov rəhbərlik edir.

 

Nazirlər Kabinetinin 1 fevral 2007-ci il tarixli “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın təsdiq edilməsi haqqında 22 saylı Qərarının 1.3 bəndinə uyğun olaraq radiotezlik zolaqları RTDK tərəfindən ayrılır. Komissiyanın qərarına əsasən mülki məqsədlər üçün istifadə olunan tezlik nominalları tezlik zolaqlarının ayrılması cədvəlində “birgə istifadə üçün” qeydi olan tezlik zolaqlarına ayrılır. Mülki məqsədlər üçün Komissiya tərəfindən ayrılan tezlik zolaqlarında tezlik nominallarının uçotu və həmin tezliklərdə istifadə olunan radioelektron vasitələrinin qeydiyyatı Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən həyata keçirilir. Bu məqsədlə fəaliyyəti həyata keçirmək üçün DRİ-nin əsas vəzifələrinə aşağıdakılar aiddir:

 

  • Azərbaycan Respublikası ərazisində radioelektron vasitələrindən istifadə olunmasının planlaşdırılmasını, RTDK-nın qərarlarına müvafiq bu vasitələr üçün işçi tezliklərin və şəbəkə üçün çağırış siqnallarının təyin edilməsi və qeydiyyata alınması;
  • Azərbaycan Respublikası ərazisində radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların alınmasına, layihələndirilməsinə, tikilməsinə, (qurulmasına), istismarına, habelə bu vasitələrin radioşüalanma səviyyəsinin mövcud normalarda və dövlət standartlarına uyğunluğu üzərində nəzarət;
  • Elektrik qurğularının, mexanizmlərinin, aparatlarının və cihazların radio qəbulu sənaye maneələrinin dəf olunmasını təmin edən köməkçi qurğularla təchiz edilməsi üzərində nəzarət;
  • Radioelektron vasitələrinin efirdəki qanunsuz fəaliyyətinə, o cümlədən  efirdə qanunsuz televiziya, radio və digər yayımların aşkar olunaraq tədbirlər görülməsi və s.