Dosta göndər

Milli markalar

Poçt ödənişi nişanı kimi birinci poçt markası 1840-cı ildə Böyük Britaniyada poçt dövriyyəsinə buraxılıb. Tezliklə bu hadisənin ardınca analoji poçt markaları başqa ölkələrdə, o cümlədən 1857-ci ildə Rusiyada da buraxılmağa başladı. O dövrdə Azərbaycan Rusiya İmperiyasının tərkibində olduğu üçün Azərbaycanda istifadə olunan birinci markalar Rusiyanın poçt markaları olub.1918-ci ildə Azərbaycan Demokratik Respublikası ilk dəfə elan edildikdən sonra Azərbaycan hökuməti tərəfindən poçt markalarının buraxılması haqqında qərar qəbul edilib və 20 oktyabr 1919-cu ildən başlayaraq dövriyyəyə Azərbaycanın ilk poçt markaları buraxılıb. 1920-ci ildən 1923-cü ilədək olan dövr ərzində Azərbaycanın ərazisində sovet Azərbaycanının, Zaqafqaziya Federasiyasının, 1991-ci ilədək isə keçmiş SSRİ-nin markalarından istifadə olunub.

 

1992-ci ildən Azərbaycanın poçt markaları tarixində yeni səhifələr açılıb. Azərbaycan Respublikası Rabitə Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Azərmarka şirkəti yaradılıb və 1992-ci ildən bu günə kimi MMC tərəfindən orijinal süjetli poçt markaları hazırlanaraq çap edilib.

 

Poçt markaları, Azərbaycan Respublikasının “Poçt haqqında” qanununa, Nazirlər Kabinetinin qərarına və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt ödənişi nişanlarının buraxılması haqqında Əsasnamə”yə uyğun olaraq buraxılır. Bu sənədlərin əsasında hər il növbəti ildə buraxılacaq poçt markalarının tematik planı işlənib hazırlanır. Poçt markaları poçt ödənişi nişanları olmaqla bərabər, eyni zamanda ölkə haqqında müəyyən məlumat daşıyıcılarıdır. Bu amilə əsasən, tematik plan tərtib edilərkən tarix, arxitektura, görkəmli şəxsiyyətlər, flora və fauna, ölkənin tarixində əlamətdar hadisələr və başqa məlumatlara geniş yer verilir. Buraxılış tematikasında Azərbaycanın görkəmli şəxsiyyətlərinin mövzusu xüsusi yer tutur. Bu siyahıda Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə həsr olunmuş poçt markalarını xüsusi qeyd etmək lazımdır. Bu mövzuda 12 marka və 9 poçt bloku buraxılıb.

 

Poçt markaları vasitəsilə 20 Yanvar və Xocalı faciələri, həmçinin Qarabağın şəhərləri, onun flora və faunası haqqında dünyanın geniş kütlələrinə məlumatlar çatdırılır. Azərbaycan Respublikasının BMT-nin və Avropa Şurasının tərkibinə daxil olması, diplomatik münasibətlərin yaranması və s. üzrə beynəlxalq həyatdakı fəaliyyət mövzusu, buraxılış tematikasında mühüm yer tutur.

 

Poçt markalarında Azərbaycanın müstəqilliyi mövzusu geniş qeyd edilir. Azərbaycanın birinci poçt markasından başlayaraq bu günədək Azərbaycanın müstəqilliyinə həsr olunmuş 10-dan çox poçt markası buraxılıb.

 

Flora və fauna mövzusu geniş və müxtəlifdir, belə ki, bu mövzuda Şəki yasaqlığına və Azərbaycan meyvələrinə həsr edilmiş poçt markalarını qeyd etmək lazımdır. İran, Qazaxıstan, Meksika, Rusiya, Belarus və Ukrayna ilə bir neçə birgə markalar buraxılıb.