Dosta göndər

İnternet

 

Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır. 1993-cü ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir.

 

İlk günündən İnternetin inkişafı əsasən özəl sektor tərəfindən aparılır. 2000-ci ilədək İnternet Xidmət Provayderlərin (İSP) fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilirdi, lakin 2000-ci ildə lisenziyalaşdırma ləğv edilmişdir. Bunun sayəsində hazırda ölkədə İSP kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs sərbəst olaraq fəaliyyətə başlaya bilər. Hazırda ölkədə 40-dək İSP fəaliyyət göstərir və onlardan yalnız 3-ü (Aztelekomnet, Bakinternet  və Azdatakom) dövlət qurumudur. İSP-lərin fəaliyyəti sağlam rəqabət və bazar münasibətləri şəraitində həyata keçirilir. Şirkətlər İnternetə çıxış üçün sabit və simsiz rabitə texnologiyalarında istifadə edirlər. WiMax və digər simsiz texnologiyalarının tətbiqi genişlənir. Ölkənin beynəlxalq İnternet şəbəkəsinə qoşulması 2 özəl şirkət tərəfindən (Delta Telekom və Azərtelekom) həyata keçirilir və İSP-lər üçün alternativ seçim imkanı yaradır.

 

Ölkədə fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru İnternetə yüksək sürətli çıxışı təmin edir və hər üç mobil rabitə operatoru 3G xidməti göstərir. Ümumilikdə hər 100 nəfərdən 100-nün mobil rabitə istifadəçiləri olduğunu nəzərə alaraq, faktiki hər bir şəxsin İnternetə çıxış imkanının olduğunu söyləmək olar.

 

Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanılmışdır və son illərdə istifadəçilərin sayında ciddi sıçrayış müşahidə olunmaqdadır. Bunun əsas səbəbi ölkədə İKT sahəsinin inkişaf etdirilməsi, elektron hökumət layihələrinin genişlənməsi, xidmətlərin göstərilməsi üçün İnternetdən istifadənin artırılması üzrə həyata keçirilən dövlət siyasətinin icrasının nəticəsidir. 2006-cı ildən başlayaraq Azərbaycanda İnternetin qiymətinin ardıcıl olaraq aşağı salınması üçün tədbirlər görülür. Son illərdə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artırılmışdır.