Dosta göndər

Beynəlxalq təşkilatlarla əlaqələr

 

Azərbaycan bir çox mötəbər qurumlarla əməkdaşlıq edir. Onların sırasında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Regional Rabitə Birliyi (RRB) xüsusi yer tutur.

 

Beynəlxalq Telekommunikasiya İttifaqı - Azərbaycanın BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi - Beynəlxalq Telekommunikasiya İttifaqı ilə münasibətlərini yüksək səviyyədə həyata keçirməkdədir. Belə ki, RİTN-in təşəbbüsü ilə 5-9 oktyabr 2009-cu il tarixində Cenevrə şəhərində keçirilmiş “ITU Telecom World” sərgi və forumunda Azərbaycanın dövlət qurumları və İKT şirkətlərindən ibarət geniş nümayəndə heyəti iştirak etmişdir və ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr, həllər, xidmətlər Azərbaycan pavilyonunda nümayiş etdirilmişdir. 24-27 oktyabr 2011-ci il tarixlərində “ITU Telecom World-2011” sərgi-forumunda Azərbaycanın Milli İKT Pavilyonunun təqdim edilməsi məqsədilə 180 m2-lik stend (ikimərtəbəli) icarəyə götürülmüş, Nazir, cənab Ə. Abbasovun rəhbərliyi ilə RİTN-in nümayəndə heyəti, rabitə və İKT sahəsi üzrə ixtisaslaşmış 20-dən çox milli şirkət sərgidə iştirakı etmişdir.

 

BTİ-nin Baş katibi cənab Həmədan Ture təşkilata rəhbərliyi dövründə daim ölkəmizə isti münasibəti ilə fərqlənmiş, dəfələrlə Azərbaycana səfərlər etmiş və BTİ ilə yeni, daha yüksək səviyyədə əməkdaşlığın əsasını qoymuşdur. Bu səfərlər zamanı cənab H.Ture Prezident cənab İlham Əliyev tərəfindən qəbul edərək ölkəmizdə İKT sahəsinin mövcud vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apararaq dövlətimizin BTİ ilə əlaqələrinin yüksək səviyyədə qurulmasında maraqlı olduğuna bariz nümunədir.

 

Ümumdünya Poçt İttifaqı – BMT-nin ixtisaslaşmış agentliklərindən olmaqla dünyanın 192 ölkəsini bir təşkilatda birləşdirək, ölkələrarası beynəlxalq poçt mübadiləsi məsələlərini tənzimləyən və inkişaf strategiyasını müəyyənləşdirməklə əlaqələndirici funksiyasını həyata keçirir.

 

Azərbaycan 01 aprel 1993-cü il tarixindən Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvüdür. Qurumun Administrativ Şurası (Council of Administration - CA) təşkilatın əsas idarəedici orqanıdır, ÜPİ-nin fəaliyyət proqramının koordinasiyasını, ÜPİ Aktlarının hazırlanması və həyata keçirilməsinə, büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir. ÜPİ-nin Konqresində dünyanın 5 coğrafi regionu üzrə cəmi 40 üzv seçilir. Azərbaycan ÜPİ-nin Buxarest (2004) Konqresində və Cenevrədə (2008) keçirilmiş Konqresdə CA-ya üzv seçilmişdir. ÜPİ-nin baş direktoru cənab Eduard Dayan 2005-ci ilin may ayında və 2010-cu ilin dekabrında Bakıda olmuş, Dünya Bankının dəstəyi ilə ölkəmizin poçt şəbəkəsində həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin başlanğıc və yekun mərasimlərində iştirak etmişdir.

 

Nəticə olaraq deyə bilərik ki, son illər ərzində həyata keçirilmiş məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizin İKT sahəsində əldə etdiyi uğurlu nəticələr dünyanın müxtəlif nüfuzlu təşkilatları tərəfindən təşviq olunmuş, keçirilən beynəlxalq tədbirlərdə bu nəticələr digər ölkələrə nümunə olaraq təqdim olunmuşdur. Hər il müxtəlif səviyyəli beynəlxalq tədbirlərdə (sərgi, konfrans, forum və s.) iştirak olunmuş, məhsuldar görüşlər keçirilmiş və ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər aparıcı təsisatların illik hesabatlarında öz əksini tapmışdır.

Ölkəmizin regionun lider dövləti kimi Cənubi Qafqaz regionu üzrə layihələrin həyata keçirilməsi prosesində təşəbbüskarlığı və dominantlığı rabitə və İKT sahəsinə də sirayət etmişdir. TAE, TASİM kimi layihələrin reallaşdırılması, habelə RİZ-lərin yaradılmasında Azərbaycanın rolu mühüm əhəmiyyət kəsb edir və bu layihələrin uğurla həyata keçirilməsi son nəticədə ölkəmizin və bütövlükdə regionun inkişafına yeni təkan və münbit zəmin verəcəkdir.

 

Regional Rabitə Birliyi - 1991-ci ilin 17 dekabr tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində müstəqil dövlətlərin rabitə administrasiyası başçıları tərəfindən imzalanmış sazişə əsasən Regional Rabitə Birliyi yaradılmışdır. Sözügedən təşkilatın əsas vəzifəsi müstəqillik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq, yeni müstəqil dövlətlər arasında elektrik və poçt rabitəsi sahəsində əməkdaşlığın həyata keçirilməsi olmuşdur. Müxtəlif komissiyalardan ibarət olan Regional Rabitə Birliyinin daimi fəaliyyətdə olan icraiyyə orqanı Moskva şəhərində yerləşən İcraiyyə Komitəsi, ali orqanı isə Rabitə Administrasiyaları Başçılarının Şurası sayılır. Şuranın sədri Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovdur.