Dosta göndər

Beynəlxalq tədbirlər

2012 

Dekabrın 3-14-də Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransında iştirak edib.
Konfransda 1988-ci ildə Avstraliyanın Melbrun şəhərində qəbul edilmiş Beynəlxalq Telekommunikasiya Reqlamentinə baxılmış və son illər ərzində telekommunikasiya sektorunun sürətli inkişafı nəticəsində texnologiya və xidmətlərin beynəlxalq miqyasda göstərilməsinin nizamlanması üçün yeni Reqlamentə əhəmiyyətli əlavə və dəyişikliklər edilib.

Konfrans çərçivəsində nazir Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture, ABŞ, Rusiya və digər ölkələrin konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Konfransın sonunda Beynəlxalq Telekommunikasiya Reqlamentinin yeni mətni Azərbaycan Respublikası adından nazir Əli Abbasov tərəfindən Xarici İşlər Nazirliyinin təqdim etdiyi qeyd-şərtlərlə imzalanmışdır.

 

Oktyabrın 14-18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ITU WORLD TELECOM 2012 beynəlxalq sərgi və konfransı keçirilib.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Həmadun Ture və Burkino-Faso Respublikasının Prezidenti Bleis Kompeao başda olmaqla ali qonaqlar Azərbaycan pavilyonuna gəlmiş, ölkəmizdə həyata keçirilən layihələrlə yaxından tanış olmuş, Azərbaycan stendini və burada nümayiş etdirilən İKT məhsul və həlləri, eyni zamanda təşəbbüsləri yüksək qiymətləndirmişlər.
Sərgi və konfrans çərçivəsində nazir Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, Hindistan, İran və Misirin rabitə və informasiya texnologiyaları nazirləri, İT korporasiya və şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirmiş, sonra isə nazirlər toplantısında çıxış edərək Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurlar, qarşılıqlı əməkdaşlıq və gələcək perspektivlər haqqında danışmışdır.

 

14-18 may tarixlərində nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Forumunun (WSIS Forum 2012), İnternet İdarəçilik Forumunun (Internet Governance Forum-IGF) Çoxtərəfli Məşvərət Qrupunun (Multistakeholder Advisory Group-MAG) tədbiri və BMT-nin Elm və Texnologiyanın İnkişafı üzrə Komissiyasının iclasında iştirak etmişdir. Elmir Vəlizadə “WSIS Forum 2012” tədbirinin açılışında, eyni zamanda forum çərçivəsində keçirilmiş nazirlərin dəyirmi masasinda, təşkilatın 2015-ci ilədək inkişaf perspektivlərinə həsr olunmuş “WSIS+10 - WSIS Beyond 2015” sessiyasında çıxış etmişdir. 15-17 may tarixlərində Elmir Vəlizadənin sədrliyi ilə Çoxtərəfli Məşvərət Qrupunun iclasları keçirilmiş və cari ilin noyabrın 6-9-da Bakıda keçirilməsi planlaşdırılan İnternet İdarəçilik Forumunun əsas sessiyaları və seminarlarının mövzuları müzakirə olunaraq təsdiq edilmişdir. Səfər zamanı həmçinin bir sıra ikitərəfli görüşlər keçirilmişdir. 12-13 iyun tarixlərində nazir Əli Abbasovun rəhbərliyi ilə Azərbaycanın rabitə və İKT sektorunun nümayəndələrindən ibarət nümayəndə heyəti Türkmənistanın Aşqabad şəhərində keçirilmiş MDB dövlətlərinin Regional Rabitə Birliyinin (RRB) Administrasiya Başçılarının (AB) İcraiyyə Komitəsinin sayca 46-cı Şura iclasında iştirak etmişdir. Tədbirdə RRB-nin tamhüquqlu üzvləri - Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Moldova, Rusiya, Bolqarıstan, Latviya, Litva, Sloveniya, RRB İcraiyyə Komitəsi, MDB İcraiyyə Komitəsi və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri iştirak etmişlər. Nazir RRB-nin Rabitə Administrasiyaları Başçıları Şurasının 46-cı iclasında Azərbaycanda İKT-nin inkişafı strategiyası və bu sahədə görülən işlər barədə çıxış etmişdir. Həmçinin, cari ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan “BakuTel-2012” və İnternet İdarəçiliyi Forumu (IGF) kimi irimiqyaslı tədbirlər haqqında məlumat verilmiş və həmin tədbirlər çərçivəsində Rabitə Administrasiyaları Başçıları Şurasının 47-ci iclasının Bakıda keçirilməsi razılaşdırılmışdır. Səfər çərçivəsində Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri N.A.Nikiforov və Türkmənistanın rabitə naziri B.O.Ovezovla ikitərəfli görüşlər keçirilərək regionda İKT-nin inkişafının durumu, dənizaltı fiber-optik magistralı layihəsinin reallaşdırılması və digər regional layihələrin dəstəklənməsi, həmçinin yeni investisiya imkanlarının dəyərləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

 

16-18 aprel tarixlərində nazir Əli Abbasovun rəhbərlik etdiyi Azərbaycan Hökumətinin nümayəndə heyəti Braziliya Federativ Respublikasının Brazilia şəhərində keçirilmiş Açıq Hökumət Tərəfdaşlığının (AHT) 1-ci zirvə toplantısında iştirak etmişdir. Zirvə toplantısının açılış mərasimində Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Russef, Tanzaniya Birləşmiş Respublikasının Prezidenti cənab Jakaya Kikveti, Gürcüstanın baş naziri Nika Qilauri, Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Hillari Klinton və bir sıra siyasi xadimlər iştirak etmişlər. Cənubi Qafqaz regionu üzrə panel iclasında cənab nazir AHT üzrə Azərbaycanın “Milli Fəaliyyət Planı”nın layihəsini iclas iştirakçılarının diqqətinə çatdırmışdır. İştirakçılara Azərbaycanda sürətlə aparılan quruculuq işləri, müasir dünyanın tələblərinə cavab verən informasiya texnologiyalarının tətbiqi, elektron hökumət sahəsində əldə olunmuş nailiyyətlər, həmçinin bu sahədə elektron hökumətin şəffaflığının təmin edilməsi, vətəndaş-hökumət münasibətlərinin yeni platformada qurulmasının faydalı nəticələr əldə edilməsində rolu və Azərbaycanın son 8-10 ildə İKT-nin tətbiqi ilə regionda aparıcı və nümunəvi ölkəyə çevrilməsi haqqında geniş məlumat vermişdir. Tədbir çərçivəsində İsrailin dövlət xidmətlərinin tətbiqi naziri Mihael Etan, Albaniyanın innovasiya və informasiya-kommunikasiya texnologiyaları naziri Genc Polla, İstehsal Sənayesində Şəffaflıq Təşəbbüsü Katibliyinin rəhbəri Jonas Moberg, Beynəlxalq Şəffaflıq (Transparency İnternational) Təşkilatının İdarə Heyətinin üzvü xanım Elizabet Ungar, ABŞ-ın Karter Mərkəzinin rəhbəri xanım Laura Nyuman, həmçinin Braziliya hökumətinin sivil dövlət qurumları ilə iş naziri xanım Vania Vieira ilə ikitərəfli görüşlər keçirilmişdir.

 

02-05 aprel tarixlərində xarici işlər naziri M.Məmmədquliyev və rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti ABŞ-ın Nyu-York şəhərində TASİM üzrə BMT-nin yeni qətnaməsinin qəbulu və Davos Forumunun Qlobal İnformasiya Texnologiyaları Hesabatının təqdimatında iştirak etmişlər. Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil olunmuş Rusiya Federasiyası, Qazaxıstan, Türkiyə, Çin, Afrika Birliyi, Avropa İttifaqının BMT-dəki nümayəndələri ilə görüşlərdə TASIM layihəsi istiqamətində aparılan genişmiqyaslı işlər haqqında məlumat verilmiş, yeni qətnamənin vacibliyi vurğulanmışdır, daha sonra 40-a yaxın ölkə təmçilçiləri üçün layihənin texniki və geosiyasi detalları ilə bağlı təqdimat nümayiş etdirilmişdir. BMT qərargahında həmçinin BMT-nin İnkişaf Proqramının (UNDP) Avropa və MDB regionu üzrə yeni təyin olunmuş direktoru Cihan Sultanoğlu və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) rəhbəri Şa Zukang ilə də görüşlər keçirilmiş, TASIM və IGF məsələləri müzakirə olunmuşdur. Səfər çərçivəsində həmçinin Davos Forumunun Nyu-York ofisində keçirilmiş Qlobal İnformasiya Texnologiyaları Hesabatının (GITR) təqdim olunma mərasimində də iştirak olunmuşdur. Builki hesabata Azərbaycanın İKT sektorunda əldə etdiyi nailiyyətləri əks etdirən geniş məqalə daxil edilmişdir.

 

Nazir Əli Abbasov 5-7 mart tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası (ƏDL) ilə birgə əməkdaşlığı çərçivəsində keçirilmiş “Connect Arab” Sammitində iştirak etmişdir. Sammitin açılış mərasimində Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Əl-Tani, Qətər Dövlətinin İKT üzrə naziri xanım Hessa Sultan Əl-Cabir, BTİ-nin Baş katibi cənab Həmədan Ture, həmçinin ƏDL-in Baş katibi Dr. Nəbil Əl-Ərəbi, eləcə də region ölkələrinin 7 dövlət və hökumət başçıları, o cümlədən 23 ölkənin nazirləri, 26 ölkənin elm xadimləri, qlobal texnoloji şirkətlərin rəhbərləri və sahə üzrə 500-ə yaxın mütəxəssislər də iştirak etmişlər. Sammitin yekun plenar iclasında nazir əsas məruzəçi kimi Azərbaycanda İKT-nin inkişafı və bu sahədə həyata keçirilən dövlət proqramları, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) və “European-Persian Express Gateway” (EPEG) regional layihələri, Avrasiya və ərəb ölkələrinin sözügedən sahədə qarşılaşdıqları problemlər və onların birgə həlli məsələləri, İKT yönlü sahələrə xarici sərmayələrin təşviqinə dair məruzə ilə çıxış etmişdir. Xanım H.Cabirlə keçirilən görüşdə Qətər Dövlətinin “BakuTel-2012” 18-ci Beynəlxalq sərgi-konfransında “Qətər Milli Pavilyonu” adı altında iştirakı müzakirə olunmuş və xanım nazir Əli Abbasov tərəfindən cari ilin iyun ayında Azərbaycana rəsmi səfərə dəvət edilmişdir. Qətərli nazirin ölkəmizə səfəri zamanı Azərbaycan və Qətər arasında İKT sahəsində anlaşma memorandumunun imzalanması və 1-ci Azərbaycan-Qətər İKT Biznes forumunun təşkil edilməsi nəzərdə tutulmuşdur.

 

21-22 fevral tarixlərində nazir Əli Abbasovun rəhbərliyi ilə Azərbaycan hökumətinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 7-ci iclasında iştirak etmişdir. Komissiyanın 21 fevral tarixində təşkil olunmuş iclası zamanı ikitərəfli ticarət və iqtisadi əlaqələrin mövcud vəziyyəti, perspektivlər, Avropa Birliyi-Azərbaycan əlaqələri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü kimi məsələlər müzakirə edilmişdir. İclasın yekununda müzakirə olunan məsələlərə dair protokol imzalanmışdır. İclas çərçivəsində fevralın 22-də Avstriya Respublikasının Federal İqtisadiyyat Palatası ilə birgə Avstriya və Azərbaycanın 80-dən artıq şirkətinin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən biznes-forum keçirilmişdir. Fevralın 22-də RİTN və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan günü” keçirilmişdir. Sonda Qarışıq Komissiyanın növbəti – 8-ci iclasının 2014-cü ildə Azərbaycanda keçirilməsi qərara alınmışdır.

 

Nazir Əli Abbasov yanvarın 25-29-da cənab Prezidentin rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində İsveçrə Konfederasiyasının Davos şəhərində keçirilmiş Ümumdünya İqtisadi Forumunun (“Davos Forumu”) illik sammitində iştirak etmişdir.

 

2013-cü il

Nazir Ə.Abbasov 23-25 yanvar tarixlərində cənab Prezidentin rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində İsveçrə Konfederasiyanın Davos-Klosters şəhərində keçirilmiş Ümumdünya İqtisadi Forumunun (“Davos Forumu”) İllik sammitində iştirak etmişdir.

 

Nazir Ə.Abbasov 27-28 fevral tarixlərində RİTN, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Bakıda “Hilton Baku” mehmanxanasının “Sevda” zalında keçirilmiş “Japan-Azerbaijan Space Sector Workshop” adlı tədbirdə iştirak etmişdir.

 

-  Nazir Ə.Abbasov 07-10 mart tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində    RİTN-in himayəçilik etdiyi “Rabitə Bakı” qadın voleybol komandasının iştirak etdiyi “2013 CEV Volleyball Champions League” turnirinin “Dördlər Finalı”nın texniki iclaslarında iştirak etmişdir.

 

09-11 aprel tarixlərində Nazir Ə.Abbasov  Türkiyə Respublikasının İstanbul şəhərində 16-cı Avrasiya İqtisadi Sammitində iştirak etmişdir. Mərmərə Qrup Vəqfi tərəfindən hər il təşkil olunan Avrasiya İqtisadi Sammitinin əsas məqsədi Avropa Birliyi, Mərkəzi Asiya, Qafqaz, Orta Şərq və Afrika ölkələri arasında əlaqələrin möhkəmlənməsinə xidmət etməkdir. Builki Sammit təhsil, səhiyyə, enerji ilə yanaşı, informasiya-kommunikasiya texnologiyaları və nəqliyyat sahəsində də əməkdaşlığın inkişafına həsr olunmuşdur.

 

23-24 aprel tarixlərində nazir Ə.Abbasov  Belarus Respublikasının Minsk şəhərində ənənəvi "TİBO-2013" 20-ci Telekommunikasiya, rabitə, təhlükəsizlik, informasiya və bank texnologiyaları üzrə beynəlxalq ixtisaslaşdırılmış sərgi-konfransda və Belarus-Azərbaycan Hökumətlərarası komissiyasının 7-ci iclas Protokolunun 4.1-ci bəndinə əsasən, sərgi çərçivəsində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Belarus Respublikasının Rabitə və İnformatizasiya Nazirliyi arasında hər iki ölkənin İT şirkətlərinin iştirakı ilə 2-ci Belarus-Azərbaycan İKT Forumunda  iştirak  etmişdir.

 

25-26 may tarixlərində nazir Ə.Abbasov İordaniya Haşimilər Krallığında keçirilmiş Dünya İqtisadi Forumunun (DİF) Yaxın Şərq və Şimali Afrika üzrə tədbirində iştirak etmişdir. Cənab nazir tədbirin “A 360 Million Consumer Market” adlı panel müzakirələrində panelist qismində iştirak etmişdir. Forum çərçivəsində İordaniyanın informasiya və kommunikasiya texnologiyaları, eyni zamanda ticarət və sənaye naziri cənab Hatem Hafiz Əl-Halavani ilə ikitərəfli görüş keçirilmişdir.

 

27 may tarixində nazir Ə.Abbasov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilmiş 19-cu e-Hökumət və e-Xidmətlər Beynəlxalq Konfransının təşkilatçısı nüfuzlu “Datamatix” şirkətinin rəhbərliyi, həmçinin ABŞ-ın aparıcı “Symantec” şirkətinin Yaxın Şərq üzrə regional elektron təhlükəsizlik mərkəzi ilə yerində tanış olmaq və bənzər mərkəzin Azərbaycanda da yaradılması üzrə “Symantec” şirkətinin rəhbərliyi ilə danışıqları davam etdirmək məqsədilə Dubaya səfər etmişdir.

 

18-19 iyul tarixlərində nazir Ə.Abbasov Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində keçirilmiş Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 48-ci və İnformatizasiya üzrə Komissiyanın 19-cu iclaslarında iştirak etmişdir.

 

4 sentyabr tarixində nazir Ə.Abbasov Nyu-Yorkda BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmişdir. RİTN-in və XİN-in birgə səyi ilə sessiyada Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılması zəruri hesab olunan Avrasiya Rabitə Alyansına (Eurasian Connectivity alliance – EuraCA) dair qətnamə qəbul edilmişdir.

 

11-13 sentyabr tarixlərində nazir Ə.Abbasov Çin Xalq Respublikasının (ÇXR) Dalian şəhərində Dünya İqtisadi Forumunun (DİF) Asiya Regional Sammitində iştirak etmişdir. Tədbir zamanı cənab nazir Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri  cənab Hakubun Şimomura, ÇXR-in sənaye və informasiya texnologiyaları nazirinin müavini cənab Su Bo, Vyetnamın informasiya və kommunikasiya  texnologiyaları nazirinin müavini cənab Nquyen Hanq və bir sıra İT şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir.

 

21-25 oktyabr tarixlərində nazir Ə.Abbasov İndoneziya Respublikasının Bali şəhərində keçirilmiş “İnternet İdarəçilik Forumu”nun nazirlər toplantısında və 8-ci “İnternet İdarəçilik Forumu”nda iştirak etmişdir.

 

07-09 noyabr tarixlərində nazir Ə.Abbasov Macarıstan Respublikasının milli inkişaf naziri xanım Zuza Nemesin dəvəti əsasında sözügedən ölkədə fəaliyyət göstərən Avropa İttifaqının Data Mərkəzinin işi ilə yaxından tanışlıq və qeyd olunan təyinatlı regional mərkəzin Azərbaycan Respublikasında yaradılması üçün aparılacaq yekun danışıqlarda iştirak etmək məqsədi ilə Macarıstan Respublikasının Budapeşt şəhərinə səfər etmişdir.

 

19-22 noyabr tarixlərində nazir Ə.Abbasov Tailand Krallığının Banqkok şəhərində keçirilmiş “ITU Telecom World 2013” Beynəlxalq sərgi-forumunda iştirak etmişdir.

 

08-13 dekabr tarixlərində nazir Ə.Abbasov Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə Yaponiyanın Tokio şəhərində rəsmi səfərdə olmuşdur. Səfərin məqsədi iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əlaqələrin daha da genişləndirilməsi idi. Səfər zamanı Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, “Mitsubishi”, TEPIA - Yüksək Texnologiyalar Mərkəzi, NHK - Radio-televiziya Yayım Korporasiyasının fəaliyyəti ilə yaxından tanış olunmuş, eyni zamanda sözügedən ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilmişdir. 

 

2014-cü ilin I yarımilliyi

- Nazir Ə.Abbasov 22-25 yanvar tarixlərində cənab Prezidentin rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində İsveçrə Konfederasiyanın Davos-Klosters şəhərində keçirilmiş Ümumdünya İqtisadi Forumunun (“Davos Forumu”) İllik sammitində iştirak etmişdir. Toplantı çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı və RYTN-in sponsorluğu ilə 24 yanvar tarixində “Hilton Garden Inn” mehmanxanasında Rəqəmsal İnkişaf üçün Genişzolaqlı Komissiyanın “Genişzolaqlı internet və davamlı inkişaf” mövzusunda sessiya  keçirilmişdir. Sessiyada 70-ə yaxın şəxs iştirak etmişdir.

 

- Nazir Ə.Abbasov 04-06 fevral tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində 17-ci Avrasiya İqtisadi Sammitində iştirak etmişdir. Mərmərə Qrup Vəqfi tərəfindən hər il təşkil olunan Avrasiya İqtisadi Sammitinin əsas məqsədi Avropa Birliyi, Mərkəzi Asiya, Qafqaz, Orta Şərq və Afrika ölkələri arasında əlaqələrin möhkəmlənməsinə xidmət etməkdir. Builki Sammit təhsil, səhiyyə, enerji ilə yanaşı, informasiya-kommunikasiya texnologiyaları və nəqliyyat sahəsində də əməkdaşlığın inkişafına həsr olunmuşdur.

 

- Nazir Ə.Abbasov 10-11mart tarixlərində Çili Respublikasında Prezident mandatının Sebastian Pinera Eçenikedən yeni seçilmiş Prezident xanım Mişel Baçeletə keçməsi mərasimində Azərbaycan Respublikası Hökuməti adından iştirak etmiş, yeni Prezident xanım Mişel Baçelet və onun hökumət üzvlərinin andiçmə mərasimində Çilinin dövlət başçısına cənab Prezident İ.Əliyevin təbriklərini çatdırmışdır.

 

- Nazir Ə.Abbasov 12-13 mart tarixlərində Argentinanın müvafiq qurumlarının təşəbbüsünə əsasən, işgüzar görüş və danışıqlar keçirmək məqsədilə Buenos-Ayres şəhərində səfərdə olmuşdur. 12 mart tarixində Argentinanın federal planlaşdırma, ictimai sərmayələr və xidmətlər naziri Xulio de Vido ilə keçirilmiş danışıqlarda digər qarşılıqlı maraq doğuran əməkdaşlıq sahələri ilə yanaşı, Argentinanın peyk sənayesi və nüvə texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlərinin fəaliyyətlərinə uyğun Azərbaycanın qurum və şirkətləri ilə əməkdaşlıq planlarının təşviq olunması, cari ilin 2-5 dekabr tarixlərində təşkil olunacaq “BakuTel-2014” sərgisi çərçivəsində ilk Azərbaycan-Argentina yüksək texnologiyalar forumunun keçirilməsi qərara alınmışdır. Görüşün sonunda “Azərbaycan Respublikası və Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında Çərçivə Sazişi” imzalanmışdır. Səfər çərçivəsində Argentinanın aparıcı dövlət süni peyk və nüvə texnologiyaları şirkəti INVAP-ın icraçı direktoru, Atom Enerjisi Komissiyasının (CONEA) prezidenti xanım Norma Boero və Argentinanın dövlət peyk, radio və telekommunikasiya şirkəti ARSAT ilə görüşlər keçirilmişdir. Həmçinin, Argentinanın elm, texnologiya və produktiv innovasiyalar naziri cənab Lino Baranao ilə ikitərəfli görüş keçirilmişdir.

 

- Nazir Ə.Abbasov 28-30 mart tarixlərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) dörd ildən bir təşkil etdiyi Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında (TİÜK) iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay  şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində  BTİ-nin baş katibi cənab Hamadun Ture, həmçinin yeni namizəd - BTİ-nin baş katibinin müavini, İran İslam Respublikasının, Polşa Respublikasının, Misir Ərəb Respublikasının, Əfqanıstan İslam Respublikasının,  Uqanda Respublikasının rabitə və informasiya texnologiyaları nazirləri, o cümlədən bir sıra aparıcı şirkətlərin yüksəkvəzifəli nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmişdir.

 

- Nazir Ə.Abbasov 15may tarixində Moskva Energetika İnstitutunun “İnformasiya partlayışı: İdarəetmənin problemləri və perspektivləri” mövzusunda təşkil etdiyi tədbirdə iştirak etmək üçün Moskvada səfərdə olmuşdur. Elmi Şuranın qərarı ilə cənab nazirə Moskva Energetika İnstitutunun Fəxri Doktoru adı verilmişdir. Səfər çərçivəsində Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri N.Nikiforovla ikitərəfli görüş keçirilmişdir.

 

- Nazir Ə.Abbasov 17-18 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Körfəz (Fars) Əməkdaşlıq Şurasının (KƏŞ) 20-ci Toplantısı”nda iştirak etmişdir. Tədbirin məqsədi 1000-dək hökumət, özəl şirkət və beynəlxalq təşkilatlardan nümayəndələrin və sahə ekspertlərinin iştirak etdiyi sayca 20-ci toplantı e-hökumət, e-xidmətlər və İKT-nin digər sahələrində regional və qlobal təcrübə mübadiləsi, idarəetmə strategiyalarının və institusional infrastrukturların qurulmasına dair müzakirələrin aparılması olmuşdur.

 

- Nazir Ə.Abbasov 29-30 may tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş doqquzuncu Qara Dəniz və Xəzər Tənzimləyici Konfransında iştirak etmişdir.

 

- Nazir Ə.Abbasov 17-19 iyun tarixlərində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin dəvəti əsasında geniş tərkibli nümayəndə heyəti ilə sözügedən ölkəyə  işgüzar səfər etmişdir. Səfərin ilk günü cənab nazir Birinci İran – Azərbaycan İKT Forumunun açılış mərasimində iştirak etmiş və daha sonra İranın elm, tədqiqatlar və texnologiyalar naziri Rza Fərəci-Danə ilə ikitərəfli görüşü keçirilmişdir. Səfərin növbəti günü cənab nazir qarşı tərəfin təşəbbüsü əsasında təşkil olunmuş İranın birinci vitse-prezidenti Eşaq Cahangirinin qəbulunda olmuşdur.

 

- Nazir Ə.Abbasov 23-25 iyun tarixlərində Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri Ed Vaizey, həmçinin Baş nazirin Qazaxıstan, Azərbaycan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Henrinin dəvəti ilə London şəhərində səfərdə olmuşdur. ICANN-ın rəhbərliyinin xüsusi qonağı qismində 23 iyun tarixində təşkil olunmuş nazirlər toplantısında iştirak etmiş cənab nazir çıxış edərək ölkəmizdə internet idarəçiliyi sahəsində aparılan islahatlar, eyni zamanda dünyada mövcud olan İKT və internet problemlərindən danışmışdır. İyun ayının 25-də isə Londonun tanınmış “Dorçester” mehmanxanasında RYTN və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Birinci Böyük Britaniya - Azərbaycan Yüksək Texnologiyalar Forumu” təşkil olunmuşdur.

2012

Noyabrın 5-9-da Bakı İKT sektoru üzrə olduqca əhəmiyyətli tədbirlərə ev sahibliyi edərək İT sənayesi nümayəndələrinin diqqətini cəlb edib. Həftənin əsas tədbirləri noyabrın 6-da Bakıda işə başlayan VII İnternet İdarəçilik Forumu (IGF-2012) və XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı (Bakutel-2012) olub.
 
Eyni zamanda noyabrın 5-də Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 47-ci iclası və RRB yanında MDB iştirakçı dövlətlərinin İnformatizasiya üzrə Koordinasiya Şurasının iclası keçirilib. İclasda RRB ölkələrinin rabitə və informatizasiya sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin, Bakıda IGF-2012-nin rəsmi açılışı ərəfəsində İKT sahəsi üzrə nazirlər səviyyəsində görüş keçirilib. Tədbir müasir, hiperbirləşmiş dünyada əmələ gələn problemlərin müzakirəsinə (Addressing the Challenges of a Hyperconnected World) həsr edilib. Müzakirələrin yekunu üzrə Bakı Bəyannaməsinin qəbul olunub.
 
Noyabrın 6-da dünyanın müxtəlif ölkələrindən 1 500-dən çox nümayəndə heyəti – dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları və KİV nümayəndələri IGF forumunda iştirak ediblər. Tədbirin əsas mövzusu «Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması» (Internet Governance for Sustainable Human, Economic and Social Development) elan edilib.

Xəzəryanı regionda telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə ən böyük tədbir olan Bakutel sərgisi isə ümumilikdə 30 ölkənin 200 şirkətini bir araya gətirib.

 

 

25-26 iyun tarixlərində Qətər Dövlətinin İKT Ali Şurasının baş katibi xanım Hessa Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyəti rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun dəvət ilə ölkəmizə rəsmi səfər etmişdir. Səfər çərçivəsində xanım Hessa Əl-Cabir nazir tərəfindən qəbul edilmiş, eləcə də xanım baş katibin rəhbərlik etdiyi nümayəndə heyəti RİTN-də, “Azərkosmos”da və AMEA-da görüşlər keçirmiş, İqtisadi İnkişaf Nazirliyində nazir Şahin Musatfayev tərəfindən qəbul edilmiş və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinə baş çəkmişdir. Səfərin əsas məqsədi iki ölkə arasında İKT sahəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirmək olmuşdur. Belə ki, tərəflər mütəxəssislərin təcrübə mübadiləsinin həyata keçirilməsi, broadband və peyk sahəsində gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmək, qarşılıqlı investisiya məsələləri və Qətər-Azərbaycan İKT şirkətlərinin dünya və regional bazarlara birgə çıxış imkanları və İKT sahəsində hökumətlərarasi sazişin imzalanmasını müzakirə etmişlər.

 

2013

- 2-5 dekabr tarixlərində Bakı şəhərinin “Baku Expo Center” sərgi kompleksində ölkə başçısının himayəsi altında “BakuTel-2013” 19-cu Beynəlxalq telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları (İKT) sərgi-konfransı təşkil olunmuşdur. Tədbir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi və təşkilatçılığı, “ITECA Caspian” şirkətinin təşkilatçılığı və “HP” şirkətinin baş sponsorluğu ilə baş tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin fərmanına uyğun olaraq, 2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub və bu hadisə “BakuTel 2013” sərgisinin bütün ekspozisiyasında öz layiqli əksini tapmışdır. Bu il “BakuTel-2013” dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirərək, sərgi sahəsi üzrə 35% artım nümayiş etdirmişdir. Azərbaycan Milli Pavilyonu ilə yanaşı, 15 pavilyonda 28 ölkədən 300 şirkətin məhsul və xidmətləri nümayiş etdirilmişdir. Bu əlamətdar ildə “BakuTel” sərgisi ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin üç zalını tutmaqla, ümumilikdə 12000 m2 sahəni əhatə etmişdir.

 

Sərgi çərçivəsində “Kibertəhlükəsizlik sahəsində Beynəlxalq Əməkdaşlığı: Problemlər və perspektivlər” mövzusunda Konfrans, 694-790 MHz tezliklərinin perspektivli və effektiv şəkildə istifadə olunması məsələlərinin regional səviyyədə müzakirə edilməsi üzrə RRB-nin “dəyirmi masa”, Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının iclası, Azərbaycan-ABŞ İKT Forumu, Azərbaycan-İsrail Ticarət Palatasının “B2B Forumu, Azərbaycan-İtaliya Ticarət Palatasının “B2B Forumu, Dünya Azərbaycanlılarının I Virtual Konfransı,  TASİM və Avrasiya Rabitə Alyansının (EuraCA) əsas telekom operatorlarının illik toplantısı, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı" mövzusunda keçirilmiş  beynəlxalq elmi-praktik konfrans, 7-ci İnternet İdarəçilik Forumunun davamı olaraq UNDESA və İGF Cenevrə Katibliyi ilə birgə “1-ci Regional İnternet Forumu”, UNDESA ilə “e-İştirak imkanlarının inkişaf etdirilməsi: informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə vətəndaşların hökumətin inkişaf və qərar qəbuletmə proseslərində iştirakı” adlı seminar, UNECE ilə “Azərbaycanda İKT Tərəfdaşlıq Mərkəzinin yaradılması”na dair görüş, UNESCAP ilə “Biliklərə əsaslanan inkişaf üzrə SPECA layihəsinin işçi qrupunun iclası” və “Asiya informasiya supermagistral şəbəkəsi” üzrə ekspertlərin iclası və bir sıra digər iclaslar keçirilmiş, həmçinin cənab nazirin25 ikitərəfli görüşləri təşkil olunmuşdur.