Dosta göndər

Nömrə resurslarının ayrılması və istifadəsi

Prosedur barədə məlumat

 

 

 

 

Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 12.09.2012-ci il tarixli 15201209030001 qeydiyyat nömrəli şəhadətnamə ilə qeydiyyata alınmış “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları” (Qaydalar) ilə tənzimlənir.

 

Nömrə resursları ümumistifadəli telekommunikaiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarına, provayderlərinə, eyni zamanda, digər hüquqi və fiziki şəxslərə (ərizəçi) Qaydalarda göstərilən prinsiplər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra-Nazirlik) tərəfindən ayrılır.

Nömrə resursları mövcud qanunvericiliyə və Qaydalara uyğun olaraq, telekommunikasiya sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə xidmətləri, eyni zamanda, digər xidmətləri təşkil etmək üçün ərizəçilərin yazılı müraciətləri əsasında ayrılır.

 

Nömrə resurslarının ayrılması üçün ərizəçi tərəfindən Nazirliyə ərizə təqdim edilməli və ərizəyə Qaydaların 2.1-ci bəndində göstərilən sənədlər əlavə olunmalıdır. Təqdim olunan sənədlərdə Qaydaların 10-cu bəndində qeyd olunan çatışmazlıqlar olarsa, Nazirlik ərizəçiyə nömrə resurslannın aynlmasından imtina edir.

Qaydaların 2.1-ci bəndində göstərilən bütün sənədlər ərizəçi tərəfindən nazirliyə təqdim edildiyi tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq Nazirlik nömrə resurslarının ayrılmasının texniki imkanlarının təhlilini aparır və nömrə resurslarının ayrılması haqqında qərar qəbul edir.

 

Nömrə resurslarının ayrılması haqqında qəbul edilmiş qərara əsasən, ərizəçi ilə Nazirlik arasında müqavilə bağlanmalı və ərizəçi tərəfindən 10 (on) bank günü ərzində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş tariflər tətbiq edilməklə birdəfəlik ödəniş aparılmalıdır. Ödəniş sənədinin surəti Nazirliyə təqdim edildikdən sonra, ayrılmış nömrə resurslarının istifadəsi barədə ərizəçiyə və ümumistifadəli telekommunikasiya şəbəkəsi operatorlarına, provayderlərinə Nazirlik tərəfindən bildiriş göndərilir.

 

Ayrılmış nömrə resurslarından istifadəyə görə ərizəçi tərəfindən aparılmalı illik ödənişlər hər il 1-ci yarımillik üçün iyun ayının 1-dən, 2-ci yarımillik üçün isə dekabr ayının 1-dən gec olmayaraq Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinə İdarəsində açılmış universal telekommunikasiya xidmətləri hesabına (UTXH) ödənilir və ödəniş barədə sənədlərin surəti nazirliyə təqdim edilir. Ödənişin apanlması gecikdirildiyi halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, ərizəçi tərəfındən dəbbə pulu ödənilir.

 

Ərizəçi, onun üçün ayrılmış nömrə resurslarnı və ya onun bir hissəsini, yalnız nazirliyin razılığı ilə müqavilə əsasında digər ərizəçiyə verə bilər. Nömrə resurslarından bu Qaydalara uyğun olmadan istifadə halı müəyyən edildikdə, Nazirlik ərizəçini yazılı formada xəbərdar edir və fəaliyyətini bu Qaydaya uyğun qurması haqda tələbini bildirir.

 

Bu kimi hal təkrarlandıqda, nazirlik nömrə resurslarının geri alınması barədə qərar qəbul edir. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması haqqında qəbul edilmiş qərar barədə ərizəçini dərhal məlumatlandırır və 30 təqvim günü ərzində nömrə resurslarını geri alır.

 

Ərizəçiyə ayrılmış nömrə resursları tam, yaxud qismən geri alındıqda ödənilmiş vəsait geri qaytarılmır və kompensasiya ödənilmir.