İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsi

I. Ümumi müddəalar

1.1. 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) aparatının struktur bölməsidir.

 

1.2.

Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra – qurumlar) fəaliyyəti ilə bağlı dövlət qulluğu və əmək qanunvericiliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqi, dövlət qulluğu üçün kadrların müsabiqə və ya müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının və Nazirliyin dövlət qulluqçusu olmayan əməkdaşlarının (bundan – sonra əməkdaşlar) etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiyası və sosial müdafiəsi, həmçinin dövlət qulluğu və əmək münasibətləri, insan kapitalının idarə edilməsi sahələrində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

 

1.3.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra – təşkilati - sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.

 

1.4.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, qurumları eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

 

II. Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.1.1.

dövlət qulluğu və kadr işinin, əmək münasibətlərinin tənzimlənməsinin təşkilini və təkmilləşdirilməsini təmin edir;

 

2.1.2.

Nazirliyin qurumlarında dövlət qulluğu və kadr işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir;

 

2.1.3.

insan kapitalının inkişafı sahəsində tədbirlər hazırlayır və həyata keçirir;

 

2.1.4.

müvafiq sahənin inkişafını təmin edir;

 

2.1.5.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Şöbənin vəzifələri

 

3.1.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.1.1.

fəaliyyət istiqamətləri üzrə təşkilati - sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

 

3.1.2.

Nazirliyin kadr təminatının proqnozlaşdırılmasını, ehtiyat kadrların formalaşdırılmasını, dövlət qulluqçularının şəxsi işinin aparılmasını, insan resurslarının idarə edilməsi sahəsində işlərin təşkilini və həyata keçirilməsini təmin etmək;

 

3.1.3.

aidiyyəti qurumlarla birlikdə əməkdaşların təlim ehtiyaclarını müəyyən etmək, peşəkarlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə məsələləri üzrə tədbirlər təşkil etmək;

 

3.1.4.

əməkdaşların peşə hazırlığı, təkrar hazırlığı və ixtisasın artırılması sahəsində Nazirliyin digər mərkəzi icra hakimiyyəti orqanları ilə fəaliyyətini əlaqələndirmək, bu sahədə işlərin vəziyyətini təhlil etmək və təkliflər hazırlamaq;

 

3.1.5.

dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyəti üzrə vaxtında təqdim olunması və yardımçı vəzifələrin, dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün zəruri tədbirlər görmək;

 

3.1.6.

dövlət qulluqçuları reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görmək və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında məlumatların reyestr aparan dövlət orqanına hər ay verilməsini təmin etmək;

 

3.1.7.

əməkdaşların xidməti fəaliyyəti haqqında məlumatlar toplamaq, yeniləmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularına ilkin və növbəti ixtisas dərəcələrinin verilməsi, dövlət qulluğu və əmək müqavilələri ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək;

 

3.1.8.

müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar və digər sənədlər hazırlamaq, onların həyata keçirilməsini təşkil etmək;

 

3.1.9.

əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və attestasiyası işini təşkil etmək;

 

3.1.10.

xidməti fəaliyyətin qiymətləndirilməsi prosesinə ümumi nəzarət etmək;

 

3.1.11.

rəhbərliyi insan resurslarının idarə edilməsi vəziyyəti və əməkdaşların xidməti fəaliyyəti haqqında məlumatlarla təmin etmək;

 

3.1.12.

effektiv və davamlı kadr siyasətinin həyata keçirilməsini, insan resurslarının idarə edilməsində obyektivliyi, bərabərliyi, qərəzsizliyi və şəffaflığı təmin etmək;

 

3.1.13.

əməkdaşların bir işdən başqa işə keçirilməsi haqda qurumların rəhbərlərinin təkliflərini və əməkdaşların xahişlərini qanunvericiliyə müvafiq həll etmək;

 

3.1.14.

əməkdaşlara əmək kitabçalarının verilməsi, əmək kitabçalarının doldurulması, onların qeydiyyatının aparılması və saxlanması ilə bağlı tədbirlər görmək;

 

3.1.15.

hərbi qeydiyyat və təxsisləmə işlərini aparmaq;

 

3.1.16.

qanunvericiliyə müvafiq olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi, onların qeydiyyatının aparılması,  ezamiyyətin uçotunun aparılması ilə bağlı tədbirlər görmək;

 

3.1.17.

qurumların rəhbərləri ilə birlikdə dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarını hazırlamaq;

 

3.1.18.

qurumlarda kadr işinin aparılmasına əməli və metodiki rəhbərliyi həyata keçirmək, səlahiyyətləri daxilində bu işlərin təşkilinə nəzarət etmək;

 

3.1.19.

pensiya təminatı məqsədilə Nazirliyinin əməkdaşlarının lazım olan zəruri sənədlərinin səlahiyyətləri daxilində hazırlanmasını və onların sosial müdafiə orqanlarına təqdim olunmasını təmin etmək;

 

3.1.20.

daimi dövlət qulluğuna qəbul edilən inzibati vəzifə tutan dövlət qulluqçularının qanunla müəyyən edilmiş qaydada təntənəli şəraitdə andiçmə mərasiminin keçirilməsini təşkil etmək;

 

3.1.21.

insan kapitalının inkişafı və potensialının artırılması üzrə fəaliyyət göstərən təşkilatlarla, o cümlədən elmi təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığı həyata keçirmək;

 

3.1.22.

fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;

 

3.1.23.

şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;

 

3.1.24.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

 

IV. Şöbənin hüquqları

 

4.1.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.1.1.

qurumlar tərəfindən qanunvericilik aktlarının, beynəlxalq müqavilələrin, təşkilati - sərəncamverici sənəd layihələrinin hazırlanmasında aidiyyəti üzrə iştirak etmək və müvafiq təkliflər vermək;

 

4.1.2.

dövlət qulluqçularının tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq, habelə onların peşəkarlığı, idarəçilik təcrübəsi və əmək funksiyalarını yerinə yetirmək sahəsində göstəriciləri nəzərə alınmaqla, onlara ilkin və növbəti ixtisas dərəcələrinin verilməsi məqsədilə müvafiq qurumlarla birlikdə  rəhbərliyə təkliflər vermək;

 

4.1.3.

fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, Nazirliyin qurumlarının rəhbərlərinə insan resurslarının idarə edilməsi üzrə əməli və metodiki tövsiyələr vermək;

 

4.1.4.

qurumlarda insan resurslarının idarə edilməsi sahəsində səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;

 

4.1.5.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar qurumlara müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

 

4.1.6.

vəzifə təlimatlarının hazırlanmasını təşkil və təmin etmək;

 

4.1.7.

insan resursları sahəsində fəaliyyətin tənzimlənməsi və təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

 

4.1.8.

əməkdaşların seçilməsi və vəzifəyə təyin edilməsi, onların dövlət qulluğuna qəbul edilməsi, əmək müqavilələrinə xitam verilməsi, əməkdaşların rotasiyası, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi, ezam olunması, məzuniyyətə buraxılması, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, habelə insan resurslarının idarə edilməsi ilə əlaqədar müvafiq  sənədləri hazırlamaq;

 

4.1.9.

Nazirlikdə olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üzrə müsabiqə və müsahibələrin keçirilməsində iştirak etmək;

 

4.1.10.

insan resurslarının idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə digər dövlət orqanlarının insan resursları sahəsində fəaliyyəti həyata keçirən qurumları ilə əməkdaşlıq etmək;

 

4.1.11.

fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;

 

4.1.12.

Nazirlikdə və digər dövlət orqanlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

 

4.1.13. 

yüksəkixtisaslı kadrların hazırlanması sahəsində tədbirlər görmək;

 

4.1.14.

fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
 

4.1.15.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Şöbənin fəaliyyətinin təşkili

 

5.1

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbə bilavasitə nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

 

5.3.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.4.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbənin inzibati vəzifə daşıyan əməkdaşlarından biri həyata keçirir.

 

5.6.

Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.7.

Şöbə müdiri:

 

5.7.1

şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

5.7.2

şöbənin qarşısında qoyulmuş vəzifələrin icrasını təmin edir;

 

5.7.3.

şöbənin işçiləri tərəfindən əmək intizamına riayət edilməsi və öz vəzifələrini vaxtında və düzgün icra edilməsi üzərində nəzarəti həyata keçirir;

 

5.7.4.

şöbənin işçilərinə icrası məcburi olan göstəriş və tapşırıqlar verir;

 

5.7.5.

şöbənin işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması barədə nazirə təkliflər verir;

 

5.7.6.

Nazirliyin rəhbərliyi yanında keçirilən tədbirlərdə  və digər tədbirlərin keçirilməsi zamanı şöbəni təmsil edir.

 

5.8.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.9.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyırlar.