Beynəlxalq əməkdaşlıq şöbəsi

 

I. Ümumi müddəalar

1.1 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi (bundan sonra-Şöbə) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra-Nazirlik) Aparatının struktur bölməsidir.

 

1.2

Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin Aparatının bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı beynəlxalq əməkdaşlıq və protokol işlərinin təşkilini həyata keçirir, bu sahədə inkişafın davamlılığını şərtləndirən strateji hədəfləri müəyyənləşdirir.

 

1.3

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Dövlət qulluğu haqqında” Qanununu Azərbaycan Respublikasının və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında  Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası rabitə və  yüksək texnologiyalar nazirinin (bundan sonra nazir)  qərar, əmr və sərəncamlarını, Nazirliyin kollegiya qərarlarını  və  bu Əsasnaməni rəhbər tutur. 

 

1.4

Şöbə Nazirliyin Mərkəzi Aparatının (bundan sonra Mərkəzi Aparat) struktur bölməsi olmaqla nazirə tabedir və öz işini Nazirliyin digər struktur bölmələri, Nazirliyin tabeliyində olan qurumlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri (səfirliklər, konsulluqlar) və ticarət nümayəndəlikləri (ticarət palataları), o cümlədən Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla (hökumətlərarası, dövlətlərarası, sahəvi, ixtisaslaşmış və s.), Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, xarici ölkələrin  telekommunikasiya,  yüksək texnologiyalar və poçt sahələrində fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanları (nazirliklər, komitələr, agentliklər və digərləri), Azərbaycanda və xaricdə müvafiq sahə üzrə fəaliyyət göstərən şirkətlər, qeyri-hökumət təşkilatları, birliklər, işgüzar klublar, universitetlər, tədqiqat institutları və beyin mərkəzləri, təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq edir və fəaliyyətini Azərbaycan Respublikasının xarici siyasətinə uyğun təşkil edir.

 

 

II. Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.1.1. 

Nazirlik və tabeli qurumların əlaqədar strukturları ilə birgə xarici tərəfdaşların təkliflərini araşdırır və Nazirliyin rəhbərliyini bu barədə məlumatlandırır, əməkdaşlığın başlanması, inkişaf etdirilməsi və təşkil edilməsi üçün müvafiq təklif hazırlayır, müvafiq danışıqların və qarşılıqlı müzakirələrin aparılmasını təşkil və ona  rəhbərlik edir;

 

2.1.2.

sahə üzrə beynəlxalq sənədlərin (saziş, anlaşma memorandumu, niyyət protokolu, müqavilə) layihəsini hazırlayır və Nazirliyin və tabeli qurumların əlaqədar strukturlarına, o cümlədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və zərurət yarandıqda digər mərkəzi icra hakimiyyəti orqanlarına baxılması üçün göndərilməsini təşkil edir;

 

2.1.3.

Nazirlik və tabeli qurumlara beynəlxalq təşkilatlarda maraqlarının təmin edilməsi məqsədilə tədbirlərdə iştirak edir və bu istiqamətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin göstəriş və təlimatlarını, o cümlədən nazirin konkret tapşırıq və göstərişlərini əsas götürür;

 

2.1.4.

Nazirliyin digər ölkələrin müvafiq dövlət qurumları və beynəlxalq təşkilatlarla münasibətlərinin qurulması ilə əlaqədar təkliflər verir,beynəlxalq tədbirlərdə Nazirliyi təmsil edir və ya digər iştirakçılarla barədə təkliflər verir;

 

2.1.5.

Nazirliyin xarici ölkələrin müvafiq qurumları ilə imzaladığı sənədlərin reyestrini aparır, öhdəliklərin yerinə yetirilməsinə nəzarət edir, işlərin yerinə yetirilməsi ilə əlaqədar işçi qruplar yaradılması və tərkibi haqda təkliflər verir;

 

2.1.6.

qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

 

III. Şöbənin vəzifələri

 

3.1.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.1.1.

rabitə və yüksək texnologiyalar sahəsində (bundan sonra-müvafiq sahə) Nazirliyin, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra tabeli qurumlar) vahid xarici (beynəlxalq) əməkdaşlıq fəaliyyətini təşkil etmək məqsədilə kompleks tədbirləri yerinə yetirmək və bu fəaliyyətə metodiki rəhbərlik etmək;

 

3.1.2.

Nazirliyin və tabeli qurumların təsisçiliyi ilə yaradılmış birgə müəssisələrlə münasibətlərə, o cümlədən Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, beynəlxalq və regional təşkilatlarla, sahə üzrə kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər, birliklər, işgüzar klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları və mərkəzləri ilə qarşılıqlı əlaqələr qurmaq və bu istiqamətdə öz səlahiyyətləri çərçivəsində fəaliyyətə metodoloji rəhbərlik və nəzarət etmək;

 

3.1.3.

Nazirliyin və tabeli qurumların xarici (beynəlxalq) istiqamətlər üzrə maraqlarının və hüquqlarının qorunmasını təmin etmək, onların beynəlxalq əlaqələr üzrə strukturlarının (şöbə, sektor və əlaqələndiricilər) fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müvafiq təkliflər vermək;

 

3.1.4.

Nazirliyin və tabeli qurumların nümayəndələrinin (rəhbərlərinin, əməkdaşlarının və mütəxəssislərinin) sahə üzrə təşkil edilən beynəlxalq və regional miqyaslı beynəlxalq tədbirlərdə - konfrans, seminar, iclas, təqdimat mərasimi, sərgi, ziyafətlərdə iştirakını təmin etmək və bununla əlaqədar təkliflər hazırlamaq, Nazirliyin və tabeli qurum rəhbərlərinin təkliflərini araşdıraraq nazirə təqdimatlar hazırlamaq;

 

3.1.5.

Nazirliyin və tabeli qurumların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə  xarici ölkələrdən mütəxəssisləri dəvət etmək, onların Azərbaycandakı fəaliyyətini təşkil etməklə əlaqədar kompleks tədbirlər həyata keçirmək, Nazirliyin və tabeli qurumların əməkdaşlarının xarici ölkələrdəki təlim və təhsil mərkəzlərinə göndərişlərini təşkil və təmin etmək;

 

3.1.6.

Nazirlik və tabeli qurum əməkdaşlarının xarici ölkə səfərlərini təşkil etmək;

 

3.1.7.

Nazirlik və tabeli qurumlar tərəfindən dəvət olunan xarici ölkə nümayəndələrinin səfərlərini təşkil və bu işə rəhbərlik etmək (səfər proqramı hazırlamaq, qarşılanma və yolasalmanı təşkil etmək və s.);

 

3.1.8.

nazir tərəfindən dəvət olunan xarici ölkə nümayəndələrinin ölkəyə səfərlərini təşkil etmək və bununla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinə rəhbərlik və nəzarət etmək;

 

3.1.9.

nazir və nazir müavinlərinin Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkə səfirləri, konsulları və ticarət nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə görüşlərini planlaşdırmaq, təşkil etmək və görüşlərin protokolunu aparmaq;

 

3.1.10. 

xarici ölkələrin müvafiq qurumları ilə beynəlxalq, ikitərəfli və hökumətlərarası sənədlərin (müqavilə, anlaşma memorandumu, niyyət protokolu və s.) hazırlanmaq və bu sənədlərin hazırlanması üzrə xaricə ezam olunan ekspertlərdən ibarət qrupun tərkibində Nazirliyi təmsil etmək, o cümlədən bu məqsədlə xaricdən gələn xarici ölkə nümayəndə heyətləri ilə danışıqlarda və müzakirələrdə Nazirliyi təmsil etmək;

 

3.1.11.

Nazirin əmr və göstərişləri ilə şöbəyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

 

 

IV. Şöbənin hüquqları

 

4.1.

Şöbə öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.1.1.

Nazirliyin rəhbərliyinin razılığı ilə şöbənin səlahiyyətlərinə, vəzifə və funksiyalarına aid olan məsələlərlə bağlı sənədləri imzalamaq;

 

4.1.2.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Nazirliyin struktur bölmələri və tabeli qurumlarından, digər müəssisə, idarə və təşkilatlardan, onların səlahiyyətli şəxslərindən zəruri materiallar, məlumatlar və sənədlər almaq, məktublaşma aparmaq;

 

4.1.3.

Şöbənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı digər dövlətlərin müvafiq sahəvi dövlət və özəl qurumları, Azərbaycan Respublikasının digər dövlət hakimiyyət orqanları, həmçinin Nazirliyin struktur bölmələri və tabeli qurumlar ilə birbaşa əlaqə yaratmaq;

 

4.1.4.

Nazirliyin beynəlxalq və xarici əlaqələrinin inkişafı və təkmilləşdirilməsi, həmçinin şöbənin işinin təkmilləşdirilməsi üçün Nazirliyin rəhbərliyi qarşısında təkliflərlə çıxış etmək;

 

4.1.5.

Nazirliyin digər struktur bölmələrinin və tabeli qurumların rəhbərlərinin razılığı ilə onların işçilərini  şöbənin əsas vəzifələrinin və funksiyalarının həyata keçirilməsini nəzərdə tutan tədbirlərin təşkilatçılığına cəlb etmək, işçi qrupları yaratmaq və görülmüş işlərin icrasını tələb etmək;

 

4.1.6.

Şöbənin funksiyalarına aid məsələlər üzrə keçirilən müzakirələrdə, qanunvericiliyin tələblərini nəzərə almaqla Nazirlikdə və onun tabeliyində olan qurumlarda yaradılan komissiyaların, məşvərətçi və əlaqələndirici orqanların işində iştirak etmək;

 

4.1.7.

Tabeli qurumlara onların beynəlxalq əməkdaşlıq fəaliyyəti ilə bağlı istiqamətlər vermək;

 

4.1.8.

Nazirliyin rəhbərliyi ilə razılaşdırılaraq şöbənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı şəhərlərarası və beynəlxalq telefon danışıqları aparmaq;

 

4.1.9.

Şöbənin fəaliyyəti üçün zəruri olan ədəbiyyata, nəşrlərə və elektron məlumat portallarına abunə yazılmaq;

 

4.1.10. 

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

 

V. Şöbənin fəaliyyətinin təşkili

 

5.1

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbə bilavasitə nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

 

5.3.

Şöbənin strukturuna Beynəlxalq tədbirlərin təşkili və Beynəlxalq təşkilatlarla əlaqələr sektorları daxildir.

 

5.4.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.5.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.6.

Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

 

5.7.

Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.8.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini həyata keçirir. 

 

5.9.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.10.

Şöbə müdiri:

 

5.10.1.

Şöbənin işini təşkil edir və ona rəhbərlik edir;

 

5.10.1.

şöbə işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına nəzarət edir;

 

5.10.2.

Şöbənin işçiləri tərəfindən vəzifələrinin vaxtında və düzgün icra etmələrinə, əmək intizamına və daxili qaydalara riayət olunmasına nəzarət edir;

 

5.10.3.

şöbənin işçilərinə icrası məcburi olan göstəriş və tapşırıqlar verir;

 

5.10.4.

nazirə imzalanmaq üçün təqdim olunan sənədlərin layihələrinə viza qoyur (layihə ilə razılaşmadıqda qeydlərini edir); 

 

5.10.5.

şöbə işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi və ya mükafatlandırılması barədə təkliflər verir;

 

5.10.6.

Nazirliyin kollegiya iclaslarında və digər yüksəksəviyyəli görüşlərdə şöbəni təmsil edir;

 

5.10.7.

şöbə işçilərinin iş bölgüsünü aparır;

 

5.10.8.

şöbənin daxilində iş bölgüsünü aparır;

 

5.10.9.

şöbəyə aid məsələlər ilə əlaqədar təkliflər verir;

 

5.10.10. 

nazirin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər Nazirlik və dövlət strukturlarında, beynəlxalq təşkilatlarda və xarici ölkələrdə Nazirliyi təmsil edir və Nazirliyin mövqeyini ifadə edir;

 

5.10.11.

nazirin razılığı əsasında Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlıq üzrə komissiyasında Nazirliyi təmsil edir, komissiyanın iclaslarında iştirak edir;

 

5.10.12.

nazirin xarici ölkə səfərlərində onu müşayiət edir, görüşlərin protokolunu aparır, səfərin yekunlarına həsr olunmuş hesabatı (ilkin varinatını) müvafiq ali hakimiyyət orqanlarına təqdim edilməsi üçün hazırlayıb nazirə təqdim edir;

 

5.10.13.

Şöbədə kargüzarlığın “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasına nəzarət edir; 

 

5.10.14.

Şöbədə vəzifəyə təyinat, işçilərə ixtisas dərəcələrinin verilməsi, ixtisas artırmının təşkili, ştat cədvəlinin dəyişdirilməsi ilə bağlı təkliflər verir;

 

5.10.15.

şöbənin maddi-texniki ləvazimatlarla, rabitə və nəqliyyatla təminatı, habelə şöbə işçilərinin sosial-məişət təminatının müəyyən edilmiş qaydada Nazirliyin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilməsi üçün təqdimat yazır;

 

5.10.16.

Şöbə qarşısında qoyulmuş vəzifə və funksiyaların yerinə yetirilməsi üçün səlahiyyəti daxilində digər tədbirlər görür. 

 

5.11.

Şöbənin hər bir işçisi vəzifə təlimatlarında nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, nazirin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr və funksiyalar çərçivəsində şəxsən məsuliyyət daşıyır.

 

5.12.

Şöbənin hər bir işçisi ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır

 

 

VI. Şöbənin strukturuna daxil olan Beynəlxalq tədbirlərin təşkili sektorunun vəzifələri

 

6.1.

Beynəlxalq tədbirlərin təşkili sektorunun vəzifələri aşağıdakılardır:

 

6.1.1. 

Sektor Nazirlik və tabeli qurumlar həm ölkə daxilində, həm də xaricdə beynəlxalq səviyyəli tədbirlər keçirmək niyyəti yürütdükdə müvafiq məsləhətləşmələr və araşdırmalar apararaq tədbirləri təşkil etmək;

 

6.1.2.

Nazirlik tərəfindən dəvət olunmuş qonaqların hava limanında qarşılanması və yola salınması (zəruri olduqda VİP və CİP xidmətlərindən istifadə olunması), qonaqların mehmanxanalarda yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati məsələlərin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

 

6.1.3.

Xaricdə təşkil olunan digər beynəlxalq səviyyəli tədbirlərdə iştirak edən Nazirlik və tabeli qurumların əməkdaşlarından ibarət nümayəndə heyətinin səfəri və fəaliyyətini təşkil etmək;

 

6.1.4.

Nazirliyin rəhbərliyi və şöbə müdirləri üçün vizaların alınmasını həyata keçirilir, tabeli qurumların rəhbər və qeyri-rəhbər əməkdaşları üçün vizaların alınmasında müvafiq nota və dəstək məktubunun hazırlanmasında köməklik göstərmək.

 

 

VII. Şöbənin strukturuna daxil olan Beynəlxalq təşkilatlarla əlaqələr sektorunun vəzifələri

 

7.1.

Beynəlxalq təşkilatlarla əlaqələr sektorunun vəzifələri aşağıdakılardır:

 

7.1.1. 

Nazirliyin əməkdaşlıq etdiyi BMT-nin ixtisaslaşmış qurumları və digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq aparmaq;

 

7.1.2.

Bu təşkilatlardakı status, gündəlikdə duran prioritet məsələlər, sahə üzrə yeni əməkdaşlıq istiqamətlərini müəyyən etmək;

 

7.1.3.

Fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilkdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.