Hüquq şöbəsi

 

I. Ümumi müddəalar

1.1 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra  – Nazirlik) aparatının struktur bölməsidir.

 

1.2

Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin aparatının struktur bölmələri, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra – qurumlar) fəaliyyəti ilə bağlı məhkəmə, normativ hüquqi təminat, hüquqi təhlil və ekspertizanı həyata keçirir və bu sahədə inkişafın davamlılığını şərtləndirən strateji hədəfləri müəyyənləşdirir.

 

1.3 

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.4.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri və qurumları, mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də sahə üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

 

II. Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.1.1.

normativ hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərinin təşkilini və təkmilləşdirilməsini təmin edir;

 

2.1.2.

Nazirliyin aparatının struktur bölmələrində və qurumlarda normativ hüquqi təminat işlərinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir;

 

2.1.3.

normayaratma fəaliyyətini həyata keçirir;

 

2.1.4.

Nazirliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təmin edir və ya Nazirliyin aparatının struktur bölmələri və qurumları ilə birlikdə onların hazırlanmasında iştirak edir;

 

2.1.5.

Nazirliyin aparatının struktur bölmələrində və qurumlarda qanunvericilik bazasını formalaşdırır, mütəmadi olaraq təkmilləşdirilməsini və yenilənməsini təmin edir;

 

2.1.6.

Nazirliyin normativ hüquqi aktlarının siyahısını aparır, hüquq ədəbiyyatı, şərhlər və dövri hüquqi nəşrlərin toplanması üçün səlahiyyətləri daxilində zəruri tədbirlər görür;

 

2.1.7.

Nazirliyin aparatının struktur bölmələrinin və qurumların fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər verir, arayış və rəylər hazırlayır;

 

2.1.8.

Nazirlikdə və onun fəaliyyətinə aid sahələrdə normativ hüquqi tənzimlənmənin vəziyyətini təhlil edir, ümumiləşdirmələr aparır, bununla əlaqədar təkliflər hazırlayır;

 

2.1.9.

qanunvericiliklə müəyyən olunmuş qaydada etibarnamə əsasında məhkəmələrdə Nazirliyin mənafeyini müdafiə edir və Nazirliyin iştirak etdiyi məhkəmə baxışlarında Nazirliyi iddiaçı və cavabdeh qismində təmsil edir, hüquq və qanuni mənafelərini müdafiə edir, bununla əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apelyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin edir;

 

2.1.10. 

normativ hüquqi aktların hazırlanması ilə bağlı Nazirlikdə yaradılmış komissiyalarda, işçi qruplarında şöbəni təmsil edir və onların işində iştirak edir;

 

2.1.11.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

 

III. Şöbənin vəzifələri

 

3.1.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq  aşağıdakı  vəzifələri yerinə yetirir:

 

3.1.1.

Nazirliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər hüquqi aktların layihələrini hazırlamaq;

 

3.1.2.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına əlavə - “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq, Nazirliyin aparatının struktur bölmələri və qurumları tərəfindən hazırlanan və Nazirliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati - sərəncamverici və digər hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

 

3.1.3.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Nazirliyə daxil olan və Nazirliyin aparatının struktur bölmələri və qurumları tərəfindən hazırlanmış qanunvericilik aktlarının və digər hüquqi aktların, beynəlxalq müqavilələrin, təşkilati - sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;

 

3.1.4.

qanunvericiliyə uyğunlaşdırmaq məqsədi ilə Nazirliyin normativ hüquqi aktlarına dəyişikliklərin edilməsi barədə təkliflər vermək;

 

3.1.5.

qanunvericiliyin tətbiqində Nazirliyin təcrübəsini ümumiləşdirmək və təhlil etmək, bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər vermək;

 

3.1.6.

Nazirlik üzrə normativ hüquqi aktların layihələrinin hazırlanmasının perspektiv və cari planlarının tərtibatında, həyata keçirilməsində iştirak etmək;

 

3.1.7.

Nazirliyin rəhbərliyi üçün qüvvədə olan qanunvericiliyə dair arayışlar hazırlamaq;

 

3.1.8.

zərurət yarandıqda Nazirliyin fəaliyyəti ilə bağlı müxtəlif təyinatlı və xarakterli müqavilələrin hazırlanmasında iştirak etmək, belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;

 

3.1.9.

Nazirlikdə qanunvericilik bazasını formalaşdırmaq, mütəmadi olaraq onun təkmilləşdirilməsini və yenilənməsini təmin etmək, normativ hüquqi təminat işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirmək, normativ hüquqi aktların uçotunu aparmaq və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının vahid məlumat bazasının formalaşdırılmasında iştirak etmək;

 

3.1.10. 

Azərbaycan Respublikasının məhkəmələrində Nazirliyin, xarici dövlətlərin məhkəmələrində, beynəlxalq arbitrajlarda Azərbaycan Respublikasının hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apelyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;

 

3.1.11.

dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Nazirliyə ünvanlanmış və icrası Şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;

 

3.1.12. 

müvafiq qanunvericilik aktlarında və dövlət proqramlarında Nazirliyə həvalə edilmiş tədbirlərin, habelə təşkilati - sərəncamverici sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsini təmin etmək;

 

3.1.13.

Nazirliyin aparatının struktur bölmələrinə və qurumlara Nazirliyin fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri və səlahiyyətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;

 

3.1.14.

rabitə və yüksək texnologiyalar sahəsində (bundan sonra - müvafiq sahə) normativ hüquqi tənzimləmənin, Nazirliyin aparatının struktur bölmələrində və qurumlarında idarəetmənin təkmilləşdirilməsi, struktur bölmələrinin və vəzifəli şəxslərin səlahiyyətlərinin dəqiqləşdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.1.15.

Nazirliyin aparatının struktur bölmələrinin və qurumlarının iştirakı ilə Nazirliyin strukturuna daxil olan qurumların əsasnamələrinin və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrinin, digər təsis sənədlərinin layihələrini, habelə mövcud təsis sənədlərinə dəyişikliklərin layihələrini yoxlamaq və təsdiq üçün nazirə təqdim etmək;

 

3.1.16.

Nazirliyin qurumlarının fəaliyyətinin yoxlanılmasında, habelə Nazirlik üzrə keçirilmiş yoxlamaların, inventarizasiyaların nəticələrinə dair materialların baxılmasında iştirak etmək, qanunvericiliyin pozulmasına səbəb olan halları və şəraiti aradan qaldıran tədbirlər barədə təkliflər vermək;

 

3.1.17.

Nazirliyin aparatının struktur bölmələrində və qurumlarda qanunçuluğa riayət olunmasının, hüquqi təminat işlərinin vəziyyətini təhlil etmək, bu işlərin təkmilləşdirilməsinə və səmərəli təşkil edilməsinə dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;

 

3.1.18.

müvafiq sahədə fəaliyyət göstərən müəssisələrlə qarşılıqlı münasibətlər qurmaq;

 

3.1.19.

qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların şöbəyə daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;

 

3.1.20.

Nazirliyin fəaliyyətinin hüquqi məsələləri ilə əlaqədar kütləvi informasiya vasitələrində dərc olunmuş (yayımlanmış) məlumatları Nazirliyin rəhbərliyinin tapşırığı əsasında digər struktur bölmələri ilə birgə təhlil etmək və təkliflər vermək;

 

3.1.21.

Nazirliyə daxil olmuş qanunvericilik aktlarının, müvafiq sahədə normativ hüquqi aktların sistemləşdirilmiş uçotunu aparmaq və külliyyatını hazırlamaq, habelə Nazirliyin normativ hüquqi aktlarının elektron bankının təşkili ilə bağlı fəaliyyətə metodiki rəhbərlik etmək;

 

3.1.22.

Nazirliyin normativ sənədlər fondunun tamamlanması, şöbədəki hüquqi ədəbiyyat kitabxanasına zəruri məcəllələrin, külliyyatların, şərhlərin, məlumat-sorğu kitabçalarının, bülleten və digər dövri hüquqi nəşrlərin toplanılması üçün tədbirlər görmək;

 

3.1.23.

iddia materiallarını və məhkəmə prosesləri ilə bağlı zəruri prosessual sənədləri hazırlamaq, vəkil xidmətlərindən istifadə edilməsinə dair təklif vermək;

 

3.1.24.

şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

 

3.1.25.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

 

IV. Şöbənin hüquqları

 

4.1.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.1.1.

Nazirliyin aparatının struktur bölmələri və qurumları tərəfindən hazırlanmış normativ hüquqi aktların, beynəlxalq müqavilələrin, təşkilati - sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;

 

4.1.2.

fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, Nazirliyin fəaliyyətinə aid qanunvericilik aktlarının, təşkilati - sərəncamverici sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

 

4.1.3.

Nazirliyin aparatının struktur bölmələri və qurumları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirmək, təhlil etmək və bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər vermək;

 

4.1.4.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Nazirliyin aparatına və qurumlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq sənədləri və (və ya) məlumatları almaq;

 

4.1.5.

Nazirliyin aparatının struktur bölmələri və qurumları tərəfindən hazırlanmış sənəd layihələrinin (arayış, sorğu, hüquqi akt və s.) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;

 

4.1.6.

Nazirliyin qurumlarının qanunvericiliyə zidd qərarlarının ləğv edilməsi, yaxud dəyişdirilməsi ilə bağlı təkliflərlə nazir qarşısında çıxış etmək;

 

4.1.7.

Nazirliyin qurumları tərəfindən fiziki şəxslərin və (və ya) hüquqi şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmaqla və ya səlahiyyəti aşmaqla qəbul edilmiş qərarlarının icrasını (bu məsələ ilə bağlı nazirin müvafiq qərarınadək) dayandırmaq;

 

4.1.8.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Nazirliyin aparatının struktur bölmələrindən və qurumlarından, qanunvericiliklə müəyyən edilmiş qaydada digər müəssisə, idarə və təşkilatlardan, onların səlahiyyətli şəxslərindən zəruri sənədlər, materiallar və məlumatlar almaq;

 

4.1.9.

müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu Əsasnamə ilə müəyyən edilmiş əsas vəzifələrin və funksiyaların həyata keçirilməsi ilə bağlı Nazirliyin aparatının struktur bölmələrinin və qurumların əməkdaşları üçün konfranslar, elmi simpoziumlar, seminarlar təşkil etmək, habelə Nazirliyin aparatının struktur bölmələrinin və qurumların nümayəndələrinin iştirakı ilə iclaslar keçirmək;

 

4.1.10. 

Nazirliyin aparatının struktur bölmələrinin və qurumların fəaliyyətlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;

 

4.1.11.

Nazirliyin aparatının struktur bölmələrinin və qurumların rəhbərlərinin razılığı ilə onların işçilərini şöbənin əsas vəzifələrinin və funksiyalarının həyata keçirilməsini nəzərdə tutan tədbirlərin hazırlanmasına və belə tədbirlərin yerinə yetirilməsinə cəlb etmək, işçi qrupları yaratmaq;

 

4.1.12.

Şöbənin funksiyalarına aid məsələlər üzrə keçirilən müzakirələrdə, qanunvericiliyin tələblərini nəzərə almaqla Nazirlikdə və qurumlarda yaradılan komissiyaların, məşvərətçi və əlaqələndirici orqanların işində iştirak etmək;

 

4.1.13.

Nazirliyin aparatının struktur bölmələri və qurumları ilə, habelə aidiyyəti üzrə digər təşkilat və qurumlar ilə məktublaşmalar aparmaq;

 

4.1.14.

fəaliyyət istiqamətlərinə aid edilmiş məsələlərlə bağlı Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

 

4.1.15.

Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

 

4.1.16.

Nazirliyin iştirak etdiyi məhkəmə baxışlarında mütəxəssis və ya şahid qismində çıxış etmək məqsədi ilə Nazirliyin aparatının struktur bölmələrinin və qurumlarının əməkdaşlarının məhkəmə prosesində iştirak etməsi ilə bağlı rəhbərlik qarşısında məsələ qaldırmaq;

 

4.1.17.

dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə müraciətlərin layihələrini hazırlamaq;

 

4.1.18.

fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;

 

4.1.19.

Nazirliyin aparatının struktur bölmələrində və qurumlarda idarəetmənin təkmilləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılması barədə təkliflər hazırlamaq;

 

4.1.20.

müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər hazırlamaq;

 

4.1.21.

şöbənin fəaliyyəti üçün zəruri olan hüquq ədəbiyyatına, o cümlədən normativ hüquqi aktların elektron məlumat bazasına abunə yazılmaq;

 

4.1.22.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

 

V. Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbə bilavasitə nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olunmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

 

5.3.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.4.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbənin inzibati vəzifə daşıyan əməkdaşlarından biri həyata keçirir.

 

5.6.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.7.

Şöbə müdiri:

 

5.7.1

şöbənin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

 

5.7.2

işçilər arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir və şöbə işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təmin edir;

 

5.7.3

şöbə işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına nəzarət edir;

 

5.7.4

şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra olunmasına nəzarəti həyata keçirir və icrası barədə  rəhbərliyə hesabat verir;

 

5.7.5

şöbə üzrə Nazirliyin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini rəhbərliyə təqdim edir;

 

5.7.6

şöbə tərəfindən Nazirliyin kollegiya qərarlarında və təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

 

5.7.7

şöbədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı  Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.7.8

şöbənin yüksəkixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə, işçilərin peşə hazırlığının yüksəldilməsi və ixtisaslarının artırılması məqsədilə kurslarda, təlimlərdə iştirakı barədə, işçilərin işə təyin olunması haqqında Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.7.9

şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin aparatının struktur bölmələrindən və qurumlarından zəruri sənədləri və məlumatları alır;

 

5.7.10

şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

 

5.7.11

şöbədə kargüzarlıq işinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasını təmin edir;

 

5.7.12

şöbədə məxfilik rejimini təmin edir və şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin təmin edilməsinə görə cavabdehlik daşıyır;

 

5.7.13 

mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

 

5.7.14

şöbənin fəaliyyətini Nazirliyin aparatının struktur bölmələri və qurumlarla əlaqələndirir;

 

5.7.15

səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

 

5.7.16

şöbənin müvafiq hesabatlarını təsdiq edir;

 

5.7.17

xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;

 

5.7.18

Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda və elmi-texniki şuranın iclaslarında iştirak edir;

 

5.7.19

şöbənin fəaliyyəti ilə bağlı rəhbərliyinin tapşırıqlarını yerinə yetirir;

 

5.7.20

rəhbərliyin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər nazirlik, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və dövlət orqanlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir və Nazirliyin maraqlarını müdafiə edir;

 

5.7.21

şöbəni təmsil edir.

 

5.8

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.9.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyırlar.