Tarix

Azərbaycanda rabitənin tarixi çox qədimdir, yazılı məlumatların qasidlər vasitəsilə mübadiləsi qədimdən məlumdur.

Rabitə əlaqələri müxtəlif qasidlər, çaparlar, dəvə karvanları və s. formada mövcud olmuşdur. Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir.

Ötən əsrin 50-ci illərin sonunda rabitə sahəsinin mütəxəssislərinin yetişdirilməsi məsələsi gündəmə gəlmişdir. 1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti respublikanın ali məktəblərində yüksək ixtisaslı rabitəçi mütəxəssislər hazırlanması barədə qərar qəbul etmiş, 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunda “Telefon və teleqraf rabitəsi” ixtisası üzrə mühəndislərin ilk buraxılışı olmuşdur.  1964-cü ilin yanvar ayının 31-də Bakı televiziya mərkəzi Moskvadan mərkəzi televiziyanın verilişlərinin retranslyasiyasına başlamışdır. 1968-ci ilədək respublikada televiziya proqramının yayımı aran bölgələrində yerləşən Şirvan, Goyçay və Gəncə şəhərlərini əhatə etmişdir.

 

Heydər Əliyev və Azərbaycan rabitəsi

Azərbaycanda bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da Heydər Əliyev mərhələsi mövcuddur. Sovet hakimiyyəti illərində Azərbaycan rabitəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə ittifaqın digər respublikalarından çox-çox geri qalırdı. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə də güclü inkişaf yoluna qədəm qoymuşdur.

 

1970-1980 illər:

Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə düşür. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır. 1970-ci il iyun ayının 24-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələ Mərkəzi Komitənin bürosuna çıxarılmış və tarixi qərar qəbul edilmişdir. Qərarda Bakı, Sumqayıt, Gəncə şəhərlərində telefon rabitəsinin qeyri-qənaətbəxş olduğu, bir çox rayon mərkəzlərində hələ də əllə qoşulan köhnə telefon stansiyalarının fəaliyyət göstərdiyi, sovxozların yalnız yarısının, kolxozların isə 25 faizinin telefonlaşdırıldığı və digər geriliklər qeyd olunmuş, rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi Rabitə Nazirliyinin ən vacib vəzifələrindən biri hesab edilmişdir.

Qərarda 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il 1 ATS binasının tikilməsi, Rabitə Nazirliyi tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır.

1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi.

1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, respublikanın digər bölgələrini də əhatə etmişdir. Bu illərdə Gəncədə beşmərtəbəli xüsusi rabitə binası istifadəyə verilmiş, orada 8 min nömrəlik ATS, şəhərlərarası ATS, teleqraf və radio avadanlıqları quraşdırılmış, Sumqayıtda 9 min nömrəlik ATS, Naxçıvanda 5 min nömrəlik ATS inşa edilməklə yanaşı digər şəhər və rayonlarda, kənd və qəsəbələrdə də ATS tikintisi aparılmışdır.

Rabitə Nazirliyinin 1974-1980-ci illərdə öhdəsinə ümumi gücü 164,4 min nömrəlik ATS-lərin tikintisi və montajı məsələləri qoyulmuşdu, bununla əlaqədar qurumda yeni ATS-lərin tikintisi və istismara verilməsi planı təsdiq edilmişdir ki, bu da rabitə sahəsində yeni nailiyyətlər əldə etməyə imkan vermişdir.

1980-ci ildə respublikada montaj olunmuş telefon stansiyalarının tutumu 279,1 min nömrə, o cümlədən bunların 274,12 mini ATS sistemli olmuşdur.

Şəhər telefon şəbəkəsinin abunəçilərinin ümumi sayı 234,7 min olub ki, bu da 1975-ci ilə nisbətən 1,4 dəfə çox olmuşdur.

Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçmişdir. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşmışdır.

1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə obyektin tikintisinə başlanmışdır. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi ləngidilsə də, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqımızın istifadəsinə verilmişdir.

 

1993-2003 illər:

Məlum olan səbəblərdən 1985-1993-cü illərdə rabitənin inkişaf sürəti kəskin zəifləmişdi.

Lakin 1993-cü ildə respublikanın Prezidenti seçilən Heydər Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində rabitənin inkişafında II mərhələ başlamışdır. Ölkə rəhbərinin siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunmuş, rabitə sahəsinin inkişafında əsil dönüş də bundan sonra başlamışdır.

1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin “Teletaş” və “Netaş” şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, “Aztelekom” İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublika daxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın “Motorola” şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən “Baksell”, Türkiyə rabitəçiləri ilə “Azərsell” və digər birgə müəssisələr yaradılmışdır.

Bütün bunlar Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan milli rabitəsinin parlaq inkişaf yolunun yeni mərhələsi idi.

Təsadüfi deyil ki, ölkə ictimaiyyəti və mətbuat 1998-ci ili rabitədə dönüş ili, texniki inqilab ili adlandırmışdır. Həmin il ərzində respublikamızda 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurulub istifadəyə verilmişdir.

1998-2003-cü illərdə Bakıda 40/41, 30/31, 50, 54, 56, 21/22, 27, 32 və digər indekslərlə işləyən, Bakı ətrafındakı bütün yaşayış məntəqələrində, Gəncə, Mingəçevir, Bərdə, Yevlax, Quba, Qusar, Dəvəçi, Şəki, Qax, Oğuz, Lənkəran və digər rayonlarda elektron tipli müasir ATS-lər tikilib istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası başdan-başa telefonlaşdırılmış, Azərbaycanın bütün yaşayış məntəqələri ən azı bir telefonla təmin olunmuşdur.

1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırılmış, əsas telefon aparatlarının sayı 1991-ci ildəki 611,5 min ədəddən bir milyon ədədə çatdırılmış, respublikamız Trans-Asiya-Avropa kabel magistralına qoşulmuş, Bakıətrafı kənd və qəsəbələrin hamısı telefonlaşdırılmış, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olunmuş, ölkənin bütün ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradılmış, telefon rabitəsi şəbəkəsində stansiyalararası rabitənin 80 faizi rəqəmli formada təşkil edilmişdir.

ХХ əsrin sonlarında, XXI əsrin əvvəlində Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri ulu öndər Heydər Əliyevin 17 fevral 2003-cü ildə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)" təsdiq edilməsi haqqında sərəncamı olub və bu dövr ərzində respublikada İKT sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulmuşdur.

 

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması

Sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış sərəncamı ilə Rabitə Nazirliyi ləğv edilərək onun əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır.

Bu, sahənin gələcək inkişafı, eləcə də hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları baxımından mühüm addım olmuşdur. Bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sahə üzrə məsul dövlət qurumu və müvafiq Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etmişdir.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması

 

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R