“Poçtap” xidməti

“Poçtap”  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan yeni sosial layihədir. “Poçtap” xidməti itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.

 

Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təslim edilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə  bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır. 

 

 

 “Poçtap” layihəsi çərçivəsində Bakı şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə sıx əməkdaşlıq edilir.

 

Eyni zamanda, sənədini itirmiş şəxs “Poçtap” xidmətinin rəsmi internet səhifəsindən - http://www.pochtap.az, “169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə bilər və tapılmadığı halda itirilən sənədi axtarışa verə bilər.

 

Sənədi  tapılan şəxs onu sənədinin mövcud olduğu filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər.

 

Qeyd edək ki, “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və “Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin lazımi ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R