Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli, 2443 nömrəli Sərəncamının icrası olaraq, Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2010-cu il 03 noyabr tarixində yeni liman kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.

 

Yeni liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanmışdır. Yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işlər və xidmətlər “Evrascon” ASC tərəfindən aparılır.

 

Liman kompleksinin tikintisi üçün ayrılmış ərazi – 400 ha təşkil edir.  2018-ci ilin ortalarında birinci mərhələnin yekunlaşdırılması planlaşdırılan birinci fazanın sonunda  Bakı Limanı eyni anda 11 gəmi qəbul etmək imkanına  və 15 milyon tonluq yükaşırma qabiliyyətinə malik olacaqdır. Tikintinin ikinci və üçüncü fazaları yekunlaşdıqdan sonra isə Liman 25 milyon ton yük, o cümlədən 1 milyon TEU konteyner aşıra biləcəkdir.

 

Bakı Limanı ölkəni qərblə (Türkiyə və Aİ), şərqlə (Mərkəzi və Şərqi Asiya), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi (Ələt) ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmir yolları ilə kəsişir. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmiryolu xətti məhz Ələtdə kəsişir.

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 17 mart 2016-cı il tarixdə Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Artıq kompleksdə Ro-Ro terminalının açılışı olub.

 

Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.

 

Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşağında yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.

 

Layihə çərçivəsində müasir tələblərə cavab verən informasiya texnologiyaları və təhlükəsizlik infrastrukturunun yaradılmasına xüsusi diqqət göstərilir. Bu məqsədlə liman ərazisində əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sisteminin və digər informasiya texnologiyaları komponentlərinin tətbiqi, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sisteminin yaradılması nəzərdə tutulur. İnformasiya texnologiyaları komponentinin tətbiqi ilə bilavasitə liman əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi təmin ediləcək. Ro-Ro terminalında tətbiq edilən və tam avtomatlaşmış informasiya texnologiyaları modullarından biri olan Liman Əməliyyat İdarəetmə Sistemi bütün prosesləri rahat və şəffaf şəkildə həyata keçirməyə imkan verir. Belə ki, Azərbaycanın dövlət sərhəddini keçən və bu limana istiqamətlənən yükün elektron bəyannaməsi Dövlət Gömrük Komitəsinin xətti ilə buradakı Əməliyyat İdarəetmə Sisteminə daxil olur. Nəticədə yükün limana gəlmə tarixi bəlli olur, onun gözləmə ərazisində yeri ayrılır, ödəmə xərci onlayn formada daşıma şirkətinə göndərilir. Limana daxil olan nəqliyyat vasitəsinin qeydiyyat nişanına əsasən yükə dair məlumat əməliyyat sistemində əks olunur və yük sahibi bu məlumatı müşahidə edə bilir. Sənədləşdirmə bitdikdən sonra TIR gəmiyə yüklənir, təyinat limanı isə yük, onun çatdırılma vaxtı və gəmi barədə məlumat əldə edir. Hazırda bu sistem vasitəsilə müvafiq dövlət və özəl qurumların, eləcə də Gürcüstan, Qazaxıstan və Türkmənistan limanlarının şəbəkəyə qoşulması işləri aparılır.

 

Layihə çərçivəsində, həmçinin gəmilərdən toplanmış neft tərkibli və məişət sularının təmizlənməsi üçün Xəzər dənizi hövzəsində ilk dəfə ən son texnologiyaya əsaslanan suyun bioloji təmizlənməsi qurğuları tikilib. İndiyədək 11 dəmir yolu xəttindən ibarət vaqonların qəbulu, göndərilməsi və çeşidlənməsi parkı yaradılıb.

 

Yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniyanın “Ardelt” şirkətindən müxtəlif yük təyinatlı yeni portal texnika alınıb və hazırda quraşdırılması həyata keçirilir.

 

Yeni liman ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün bilavasitə yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəql olunmasını təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limana daha geniş tranzit və daşıma imkanları təmin edəcək.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R