date icon
06.11.2019 / 16:35

“IV Beynəlxalq Bankçılıq Forumu – Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” adlı forum öz işinə başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi, Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “IV Beynəlxalq Bankçılıq Forumu – Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” adlı forum öz işinə başlayıb.

 

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bank-maliyyə sektoru informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunduğu sahələrdən biridir. Rəqəmli ödənişlərin genişləndirilməsi bir prioritet istiqamət kimi “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.

 

Ölkəmizdə müasir texnologiyaların tətbiqinin bank sektoruna töhfə verdiyini deyən nazir müavini qeyd edib ki, banklarımız internet bankçılıqdan, onlayn xidmətlərdən geniş istifadə edir. “Müasir texnologiyalar, əslində, bank, maliyyə sahəsinə kənardan təsirlərin bir qədər də miqyasını artırır. Maliyyə-bank sahəsində mövcud risklərlə yanaşı, yeni kiber risklər də ortaya çıxır. Bununla bağlı düzgün həllərin tapılması günümüzün başlıca tələblərindən biridir. Beynəlxalq təcrübə göstərir ki, bank sahəsi kritik infrastrukturlar arasında ən çox kənar təsirlərə məruz qalan sektorlardan biridir. Kibertəhlükəsizlik məsələlərinin yüksək səviyyədə təşkil olunmağı bank fəaliyyəti üçün yeni imkanlar yaradır”, – deyə nazir müavini bildirib.

 

Kibertəhlükəsizliyin ölkəmizdə prioritet məsələ olduğunu vurğulayan Elmir Vəlizadə kibertəhlükəsizlik üzrə Milli Strategiya hazırlandığı və təsdiqlənmə mərhələsində olduğu barədə məlumat verib. Onun sözlərinə görə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu Avropada fərdi məlumatlarla bağlı qəbul olunmuş son sənədlərə uyğun yenidən işlənir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R